“Həmin gün Ermənistan məğlubiyyətinin acısını Azərbaycanın dinc əhalisindən çıxmağa çalışdı. Başladılar Gəncəni raket atəşinə tutmağa. Gəncə beş dəfə atəşə tutuldu, amma hər atəşdə əhalimiz daha da qorxusuz oldu”.
Bu sözləri Oxu.Az-a açıqlamasında 90-cı illərin Qarabağ müharibəsi iştirakçısı, Gəncə batalyonunun komandiri olan Taryel Şahverdiyev deyib. O vaxt snayper gülləsi ilə yaralanan T.Şahverdiyev bu gün də müharibənin ağrılı xatirəsi olan gülləni bədənində daşıyır:
“Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket hücumuna məruz qalmasından bir il ötür. Təsəvvür edin raket atmalarına baxmayaraq, heç kim qorxub, ərazini tərk etmirdi. Gəncə səhv etmirəmsə, beş dəfə raket atəşinə tutuldu. Beş gün ərzində 8-9 iri obyekt tamamilə məhv oldu.
Gəncəyə atılan raketlərdən biri Təzə bazar ərazisində, digəri Qələbə parkına, 29 və 4 nömrəli məktəblərin ətrafına, Əziz Əliyev küçəsinə və İmamzadə tərəfə düşmüşdü. Ən çox ziyan Qələbə parkı tərəfdə olan yaşayış massivlərinə dəyib. Lakin əhalimiz, ümumiyyətlə xalqımız o ağır günlərdə birlik olub, geri çəkilmədi. Gəncəyə şəhid gələndə cavanlar şəhidlərə sözün yaxşı mənasında paxıllıq edirdi ki, “niyə onlar şəhid olub, biz yox”. Gəncə əhalisinin mərdliyi də o hadisə ilə bütün dünyaya çatdırıldı”.
Ötən il raket atəşinə tutulan Gəncədən Türkiyə mediasına açıqlamasında “Gəncə əhalisi qan görəndə qorxmuyor, qan görəndə “naaborod”, qızışıyor” sözləri ilə gündəm olan T.Şahverdiyev deyir ki, bu fikirlər bir anda söylənib:
“Vallah, o sözlər bir təsadüf idi. Yəni, planlaşdırılmış çıxış deyildi. Dünyada yeganə millət bizik ki, raket atılan yerdən qaçmırdıq. Tam əksinə, istiqaməti öyrənib ora qaçırdılar ki, əllərindən gələn kömək varsa, etsinlər. Dostumla mən də Təzə bazar ərazisinə getdik. Əlimizdən gələn köməyi etməyə çalışırdıq. Orada raketin qalıqlarını axtarırdılar. Biz də aidiyyəti qurumların əməkdaşları ilə birgə həmin qalıqları tapdıq və həmin görüntüləri yerli, xarici mediaya nümayəndələri çəkdi. Hadisə barədə türk jurnalist açıqlama götürdü. Orada üç dəqiqəyə yaxın çıxışım olub, sadəcə o hissəni kəsib yayıblar. Elə ondan sonra uşaqlar, böyüklər başladı o sözü işlətməyə, mənim fotolarımı sosial şəbəkədə paylaşmağa. Xalqıma sözüm odur ki, bundan sonra bu məmləkətin ən gözəl yeməyini şəhidin balası yeməlidir, ən gözəl işdə şəhidin balası işləməlidir. Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə 44 gün ərzində illərdir işğal altında olan torpaqlarımızı azad etdi, şəhidlərimiz canlarından keçdilər. Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.