Milli Məclisin ötən gün keçirilən iclasında deputat Razi Nurullayevin evsiz deputatların kirayə haqlarının qaldırılması ilə bağlı təklifi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Vətəndaşların çoxu deputatların şəxsi mənzillərinin olmaması və kirayədə qalması məsələsinə təəccüblənib, hətta buna inanmadığını dilə gətirənlər də var. R. Nurullayev sözügedən çıxışında hazırda evsiz həmkarlarına verilən 220 manat kirayə haqqının artırılmasını təklif edib.
“Qafqazinfo” kirayədə qalan deputatların bir neçəsinin adlarını öyrənə bilib. Söhbət həmin millət vəkillərinin Bakı şəhərində kirayə qalmasından gedir. Hazırda parlamentin tərkibində müxtəlif rayonları təmsil edən 12-yə yaxın deputat Bakıda kirayə mənzillərdə qaldığına görə aylıq 220 manat kirayə pulu alır.
Həmin deputatlar Emin Hacıyev, Cavid Osmanov, Vüqar İskəndərov, Ramil Həsən, Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kazımzadə, Naqif Həmzəyev və digərləridir.
Bildirək ki, Bakıda mənzili olmayan deputatlara kirayə pulunun verilməsi məsələsinə 2000-ci ilin əvvəllərindən başlanılıb. 2006-cı ildən etibarən bu məbləğ 220 manat həcmində qəbul edilib. Son 15 il ərzində bu rəqəm dəyişməyərək olduğu kimi qalıb.