Rusiyanın Perm şəhərində azərbaycanlı bir şəxs intihar etmək istəyən gənc qızı xilas edib.
“Qafqazinfo” xəbər verir ki, yanvarın 8-i sosial şəbəkələrin Rusiya seqmentində hadisənin videosu yayılıb.
Videoda binanın 16-cı mərtəbəsinin eyvanında bir qızın olduğu və ağladığı görünür. İntihar etmək istəyən qızı görən bir kişi isə onunla danışmağa başlayır. Qız bir müddət orada qaldıqdan sonra canına qəsd etmək fikrindən daşınır.
Rusiya mediası daha sonradan gənc qızı xilas edən şəxsin kimliyi ilə maraqlanıb. Məlum olub ki, həmin şəxs Kənan Ukalayev adlı azərbaycanlıdır. O, 2007-ci ildən Perm şəhərində yaşayır.
Onun sözlərinə görə, gecə saatlarında qardaşı ilə küçədən keçərkən eyvanda qızın əyləşdiyini görüb. O bildirib ki, qızla danışmağa başlayıb: “Ətrafda heç kim yox idi. Heç kim binanın giriş qapısını açmırdı. Biz düşündük ki, artıq heç cür ona kömək edə bilmərik. Daha sonra mən qapını sındırdım və liftlə qızın olduğu mərtəbəyə qalxdım. Qız məni gördü və ağladı. O, mənimlə getdi və bildirdi ki, yolun o biri tərəfində yaşayır və evə tək getmək istəyir. Mən isə adını belə soruşmağı unutdum”.
Sosial şəbəkə istifadəçiləri azərbaycanlının bu hərəkətini yüksək qiymətləndiriblər və qeyd ediblər ki, o, qəhrəmancasına davranıb.