Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İTV-nin xanım aparıcısı Böyük Qafqaz dağlarında TƏHLÜKƏLİ ANLAR YAŞADI - FOTOLAR

İTV-nin xanım aparıcısı Böyük Qafqaz dağlarında TƏHLÜKƏLİ ANLAR YAŞADI - FOTOLAR

Səfərə başladıq Xınalıqdan. Bakıdan Xınalığa kimi avtobusla, ordan isə son nöqtəyə kimi ayaqlarımızın üzərində, çiynimizdə 12-15 kq-lıq çanta ilə getməli idik. Bir az gəzdikdən sonra Qudyalçayı keçmək kimi çətin bir mərhələ qarşımızda idi. 

 

Qudyalçay da elə gur idi ki gəl görəsən. İlk olaraq bələdçimiz çayı keçdi və kəndiri o tərəfdən biz olan tərəfə atdı. Bir neçə cəhddən sonra nəhayət ki kəndiri tuta bildik. Sonra ikinci olaraq mən keçmək qərarına gəldim. Ortada daha da dərinləşən çaydamüvazinətimi itirdim, əgər əlimi kəndirdən buraxsaydım çay sürətlə məni aparacaqdı. Ən qorxulusu isə, daşlara dəyə-dəyə salamat bir yerim qalmayacaqdı. Bələdçinin “dayanma, qəti dayanma, hərəkət elə, dayanma”  deyərək qışqırması  və çayın məni aparacağı halda baş ver biləcək dəhşətləri bir anlıq gözümün önünə gətirməyim mənə təkan verdi. Düzdü balansımı itirdim, az qaldı önə yıxılım, ancaq var gücümü toplayıb çayı keçdim. Qudyalçay o qədər soyuq idi ki, ayaqlarım göynəyirdi heç nə hiss etmirdim. Çayı salamat keçdiyimə görə hər kəs əl çalırdı. Ancaq sən demə, əsl həngamə qabaqda idi. Turda olanxanım dostlarımızdan biri, çayın ortasında müvazinətini itirdi və sürətlə axıb getdi. Filmlərdə gördüyüm səhnənin canlı şahidi oldum. Sürüşkən daşlar, sürətli çay çox asanlıqla onu sararaq, qoynuna alıb apardı. Xöşbxətlikdən cəld tərpənərək dostumuzu çıxara bildik. Dizi, qolu qan içində çaydan çıxsa da o sağ və salamat idi. Daha sonra digərləri də asta-asta çayı keçdi. Çox çətin idi amma sağ idik. 

 

10 km gəzdikdən sonra ilk kamp ərazisinə çatdıq, çadırımızı qurduq, yeməyimizi yedik, bir az söhbət edib 9-da yatmağa getdik. Çünki ikinci gün ən çətin gün olmalıdı idi...

 

P.S. Gecə yağışın gur yağmasından, göyün guruldamasından, küləyin səsindən çadırda yatmaq mümkün deyildi

 

Səhər 5 də oyandıq. Yola hazırlaşmalı idik, çünki həmin günü havanın yağışlı, soyuq olacağı deyilmişdi. Həm də ən uzun məsafəni ikinci gün getməli idik. Qarşıda bizi təqribən 15-20 dəfə Qudyalçayı o yan bu yana keçmək kimi çətin yollar gözləyirdi. Elə də oldu. 

Sürətlə axan çayın ortasında görmədiyin ancaq hər an ayağının düşə biləcəyi dərinliklər var idi. Qudyalçayı keçmək üçün özümüzü hazırladıq. Ehtiyatlı olmalı idik. 

Buz kimi çayı keçəndə ayaqlar soyuq sudan keyləşməyə, yanmağa başlayır. Artıq soyuğu hiss etmirsən.

 

Daha sonra qarşımıza iki dağı körpü kimi birləşdirən buzlaşmış qar yığını çıxdı. Sürüşkən idi və yıxılacağımız halda bir başa gur axan Qudyalçayın qucağına düşəcəkdik. Bir neçə belə təbii körpünü keçib növbətiyə addım atanda, ayaqlarımın altında buzun necə çatladığının səsini eşitdim. Geriyə gedib digər addımı atanda isə buz qırıldı və bir ayağım boşluğa düşdü. Möhkəm dayanmış digər ayağımın hesabına boşluqdan çıxıb yola davam etdim. Bütün maneələri bax belə heç nə olmamış kimi davam edirdik. 

 

Hava çox dəyişirdi və birdən birə elə duman-çən gəldi ki, qarşında addımlayan tur yoldaşımı görə bilmədim. Tamamilə heç nə görmək mümkün deyildi. Ona görə də öndə olanlar dayanıb arxada gələnləri səslədilər ki, istiqaməti düzgün götürə bilsinlər. 

 

Səhər 7-də başladığımız 20 km-lik məsafəni axşam 6-da tamamlaya bildik. Yenə də çadırımızı qurduq, yeməyimiziyedik, çayımızı içdik və yatdıq. Sonuncu gündə 8 km çətin bir eniş bizi gözləyirdi. 

 

Səhər oyanıb yola düşdük. Elə bir az getmişdik ki, beş iri çoban iti hürərək üstümüzə cümdü. Bizi əhatəyə almağa çalışırdılar. Əlimizdə olan yürüş çubuqları ilə onları qorxutmağa,  yavaş-yavaş hərəkət etməyə çalışırdıq. Çox qəzəbli idilər, çünki biz onların ərazisində idik. Canımızı buradan da salamat quratar bildik.

 

km-lik məsafəni çox kəskin və iti qırılmış daşların üzəri ilə, sel yatağı boyunca aşağı düşmək, meşəliyin içi, 100 dərəcə bucaq altında olan təpəlikdən, qayalıqdan enmək sizə heç də asan gəlməsin. Aşağı düşəndə özümü dağ keçisi kimi hiss edirdim. 

Sonda gəldik gördüyüm ən qumlu, palçıqlı və qara rəngli Dəmiraparançaya. 

 

Qudyalçaydan da sürətlə və dəli-dolu axan Dəmiraparançayı keçməli idik. Hətta öz özümüzə də deyirdik ki, bu çay dəmiri aparırsa gör bizim başımıza nələr gətirəcək. Xöşbəxtlikdən yolumuzu uzatmaqla, yenə qayalara dırmanıb, düşməklə Dəmiraparançayı keçmədik. Gəlib son nöqtəyə çatdıq, dostlarımızı gözləyib bir birimizi təbrik etdik.

 

Burada əsas məqsəd məsafəni birinci qət etmək deyil, sağ və minimum xəsarətlə tamamlamaqdır. 

Çətin hesab olunan Xınalıq (Qudyalçay)-Laza (Qəbələ, Dəmiraparançay) turuna insanları, xüsusilə də xanımları cəlb etmək asan deyil. Qalxdığım 4243 m. Şahdağ zirvəsindən sonra, 3200 m hündürlük az görünsə də təhlükəli, stressli və sözün hər iki mənasında ağır olan bu turda insan orqanizminin, bədəninin məcbur olduğu halda nələrə dözə biləcəyini bir daha özümə sübut etdim.

 

Növbəti zirvələrdə görüşərik...