“Qərbi azərbaycanlılar erməni xalqı ilə barışığa, dinc və yanaşı yaşamağa hazırdır".
Bu, Qərbi Azərbaycana “Qayıdış Konsepsiyası”nda öz əksini tapıb.
Konsepsiyada bildirilib ki, Ermənistan hökuməti barışığı təşviq etmək üçün səylər göstərməli, dağıdılmış Azərbaycan mədəni irsini bərpa etməli, qorumalı, həyata keçirdiyi yer adları dəyişikliklərini ləğv etməli və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə son verməlidir.
İcma Qərbi azərbaycanlıların legitim nümayəndəsi və maraqlı tərəf kimi qayıdış prosesi və sonrakı dövrdə bütün müvafiq proseslərdə iştirak etməlidir.
Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının yanvarın 26-da keçirilən iclasında “Qayıdış Konsepsiyası”nın layihəsi təsdiq edilib. Qayıdış Konsepsiyası” əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək olan “Qərbi Azərbaycan İcması”nın bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir.
Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.