“Laçın yolu bağlanmayıb, orada heç bir blokada görmədim”.
SHOWNEWS.AZ “report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ evin və “Ami Magazine” jurnalının baş müxbiri Ceyk Törks bildirib.
“Mən Laçın yolunda avtomobillərin maneəsiz keçdiyinin şahidi oldum”, - o vurğulayıb.
C.Törks əlavə edib ki, hətta bir qədər məyusluq da hiss edir, çünki belə uzun məsafə gedib, lakin iddia olunduğu kimi, hazırda Laçın yolunda baş verən “blokadanı” görə bilməyib.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 78 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.