"Türkiyədə, bildiyiniz kimi, Yenil il şənlikləri qadağan edilib. Eyni qayda bizdə də tətbiq olunmalıdır. Kimlər ki bu qaydanı pozacaq, onlar da cərimələnməlidir".
SHOWNEWS.AZ xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, əvvəlcədən xəbərdarlıq edilməlidir ki, Yeni il axşamı və ya növbəti gün kütləvi toplaşmaq olmasın:
"Kim yığışacaqsa, bu qaydanı pozacaqsa, cəzalanacaq. Konkret misal çəksək, 31 dekabr və 1 yanvar tarixlərində 18:00-dan sonra toplaşmaq qadağan oluna bilər. Bu məsələdə ən gözəl üsul cərimələrlə insanlara təsir etməkdir".
Fazil Mustafa əlavə edib ki, Azərbaycanda pandemiya ilə əlaqədar qadağalar və sərtləşmələr müsbət təsirini verir: "Sadəcə ölkədə iş yerlərinin qapadılması narahatlıq doğurur. Çünki elə iş yerləri var ki, orada 3-5 nəfər işləyir. Bunların qapadılması insanlara maddi cəhətdən xeyli problem yaradır.
Müəyyən dərəcədə müalicə xərcləri və başqa məsələrdə də ciddi dəstək yoxdur. Ancaq xəstəxanaya düşən şəxslərə dəstək göstərilir. Evində müalicə olunanlar öz pulları ilə bunu həyata keçirirlər. Ona görə də bu insanların yoxsullaşmasına rəvac verən addımlar atılmamalıdır. İş yerlərinin bu qədər kütləvi bağlanılmasına yol vermək olmaz. Qalan məsələlərdə məhdudiyyətlərin faydası olacaq".