“Bu gün başlayan müxalifət itaətsizliyi hərəkatı Ermənistanı yeni bir “rəngli inqilaba” sürükləyir. Bu da əlbəttə ki, Ermənistanı partlada bilər. Unutmayaq ki, bütün rəngli inqilablar oxşar bir senari ilə başlayır. Paşinyanın tez bir zamanda bu itaətsizliyi söndürməsi çox vacibdir. Bunu etməsə, İrəvan ikinci bir erməni Maydanına çevrilə bilər”.
SHOWNEWS.AZ xəbər verir ki, bu fikirləri Moskva Dövlət Universitetinin dosenti Aleksey Fenenko rus mətbuatına açıqlamasında söyləyib. O əlavə edib ki, “Paşinyan istefaya getsə də, erməni cəmiyyətindəki parçalanma şübhəsiz davam edəcək. İntiqam və millətçi düşüncəli müxalifət erməni cəmiyyətini daha da radikallaşdıra bilər. Bu isə çox ciddi fəsadlar törədə bilər. Müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyan son dərəcə millətçi və çox aqressiv fikirlərə sahib bir adamdır. O, 90-cı illərdə prezident Levon Ter-Petrosyanı devirmək üçün kütləvi nümayişlər təşkil edirdi. İkinci dəfə o siyasi meydana Qarabağ məsələsində əldə olunmuş razılaşmadan sonra atıldı. Belə bir radikalın hakimiyyətə gəlməsi Rusiya, Azərbaycan və Ermənistanın 10 noyabr tarixli üçtərəfli bəyanatı üçün təhlükə yarada bilər”.
Aleksey Fenenko daha sonra əlavə edib ki, “Mövcud vəziyyətdə Ermənistana Azərbaycanla dialoq apara biləcək bir lider lazımdır. Təəssüf ki, erməni cəmiyyəti güclü dərəcədə radikallaşıb. Məğlubiyyətə görə küskünlük var və yarımçıq qalmış ümidlər fikri yenidən alovlandırıb. Ölkədəki bu gün əhval-ruhiyyə daha çox iki fikrin üzərində köklənib.
Birincisi, üstünlük kompleksi – “Biz ən güclü orduya sahib olduq, amma bizə xəyanət etdilər”.
İkincisi, getdikcə böyüyən ümidsizlik kompleksi – “ABŞ, Fransa və digər NATO ölkələrindən olan qardaşlar bizi qorumalı idi, amma qorumadılar”.
Bu iki faktor Ermənistan dövlətçiliyinin gələcəyi üçün xoşagəlməz nəticələrə səbəb ola bilər”.
Dosent perspektiv üçün yaxşı heç nə vəd etmir. Və deyir: “Yaxın günlərdə Nikol Paşinyan başqa bir rəngli inqilab tərəfindən devrilsə, Ermənistan geri dönüşü çətin olan proseslərə girəcək. Müxalifətin əsas namizədi Vazgen Manukyan ermənilər üçün sakit həyat istəsə də, onu əldə edə bilməyəcək. Çünki onun və yaxın ətrafındakıların baxışları çox radikaldır. Nəinki Azərbaycan və Türkiyəyə, eləcə də Gürcüstana da Manukyanın baxışları qüsurludur. Onun Rusiyaya münasibətinə gəldikdə isə deməliyəm ki, hələ 1996-cı ildə Ermənistanı Rusiyadan uzaqlaşdırmağa meylli bir siyasətçi kimi tanınırdı. Ona görə Paşinyanın indiki vaxtda devrilməsi Ermənistana yaxşı heç nə vəd etmir. Çünki millətçilər Ermənistanı məhvə sürükləyəcək”.
Surxay Atakişiyev,
KONKRET.az