“Müzəffər Azərbaycan Ordusu, müzəffər dövlət və Müzəffər Ali Baş Komandan təxminən 22-23 saatlıq antiterror əməliyyatı ilə Ermənistanı dizə gətirdi”.
Bu sözləri Publika.az-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.
O qeyd edib ki, Ermənistan və Qarabağda yaşayan bütün ermənilər ağ bayraq qaldıraraq bütün şərtləri qəbul etdilər:
“Bu əslində 10 noyabrdan sonra Ermənistanın ikinci dəfə ağ bayraq qaldırmasıdır. İndiki vəziyyət kaş ki, 34 ay əvvəl olardı. Erməni xalqı Azərbaycanın çağırışlarına qulaq asmadan terror fəaliyyəti ilə məşğul oldular. Azərbaycan öz əsgər, ordu və diplomatları ilə bir daha doğru yolu göstərdi. Azərbaycan Ermənistana bir daha dəmir yumruğu və gücünü göstərdi”.
Politoloq əlavə edib ki, son əməliyyatı yalnız güclü siyasi lider, dövlət quruluşu və ordu edə bilərdi:
“Azərbaycan isə bunu etdi. Bu əməliyyat 44 günlük Vətən müharibəsindən sonra qazanılan ən böyük uğurdur. Azərbaycan Cənubi Qafqazdakı gücünü Dosta-düşmənə birdəfəlik göstərdi. Ümid edirəm ki, Ermənistanın ağ bayraq qaldırması və qeyri-şərtsiz təslim olması bir oyun olmaz. Azərbaycan vətəndaşı olaraq Azərbaycan bayrağı və Azərbaycan Konstitusiyası ilə yaşamağa davam edərlər. Bu ikinci dəmir yumruq əməliyyatı Azərbaycan xalqı və ordusu üçün xeyirli olsun”.