“Prezident İlham Əliyevin hakimiyyətdə olduğu və ondan əvvəlki müddət hamar olmayıb. Çünki Heydər Əliyevin oğlu olmaq həm şərəfli, həm də məsuliyyətlidir”.
Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş xüsusi iclasında bildirib.
“Prezident İlham Əliyevə qarşı olan haqsızlıqların çoxunu bilirik. Hələ o vaxt Heydər Əliyevə qarşı Qorbaçov və ətrafında olan ermənilərin ən ağır zərbələrini məhz Prezident alıb. Demokratiya qırıntıları Heydər Əliyevin oğlu olduğuna görə İlham Əliyevin Naxçıvana getməsinin qarşısını alırdılar. Bax, bu cür ağrılı və əziyyətli proseslərdən keçib”, - deyə millət vəkili qeyd edib.
O vurğulayıb ki, Prezident İlham Əliyev 5 dövlət çevrilişinə cəhdin qarşısının alınmasında Ulu öndərlə çiyinə-çiyinə çalışıb: “Bundan başqa, 2003-cü ildəki seçkidən sonra AXCP-Müsavat dəstəsi Azadlıq meydanına tökülüşdü. Şüşələri sındırıb, maşınları əzirdilər. O zaman da İlham Əliyevin qətiyyəti nəticəsində çevrilişə cəhdlərin qarşısı alındı. Həmçinin, dövlətimizin çörəyini yeyən Prezident Aparatının şöbə müdirləri və digər şəxslər çevriliş etmək istəyirdilər.
Cənab Prezidentin qətiyyəti nəticəsində çevrilişlərin qarşısı alındı. Sonrakı dövrlərdə də İlham Əliyev Azərbaycana qarşı təxribat aparanların qarşısını aldı və nəticə qələbə ilə başa çatdı. Bir sözlə, Prezidentin bütün gördüyü işlər ümummilli lider Heydər Əliyevin siyasi xəttidir. 1920-ci ildən bu yana kimsə xalqın lideri hesab olunmayıb. Xalqın ümummilli lideri Heydər Əliyev, lideri isə İlham Əliyevdir”.