"Emənistanın bizə vurduğu ziyanı ödəmək kimi bir imkanı yoxdur. Buna görə də bu məbləğin bəlli bir hissəsi Azərbaycanın tarixi torpaqlarının kompensasiyası ilə nəticələnə bilər".
SHOWNEWS.AZ qaynarinfo-ya istinadən xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Onun fikrincə, Ermənistanın Azərbaycana vurduğu ziyan barədə 50 milyardlıq bir rəqəmin müzakirəsi gedir:
"50 milyard vurulan ziyana görə kifayət qədər kiçik rəqəmdir. Çünki tək "Söyüdlü" yatağından son iki ildə 144 ton qızıl çıxarılıb, bugünkü qiymətlərlə həmin qızılın dəyəri 7-8 milyard dollar arasında dəyişir. Əgər biz əvvəlki illərdə çıxarılan qızılı, istismar edilən digər 15 yataqdan dəyən ziyanı, qaçqın və köçkünlərin saxlanılmasına, infrastruktura vurulan ziyanı, ordunun artıq sayda silah, texnika və personala malik olmasına çəkilən xərcləri, müharibənin bizə vurduğu ziyanların aradan qaldırılmasına çəkilən xərcləri, ərazilərin azad edilməsi üçün çəkilən xərcləri, təbiətə və ərazimizə vurulan ziyanı və s. toplasaq, bu rəqəm ən azı 5-6 dəfə böyük olacaq. Ermənistanın isə bu rəqəmi ödəmək imkanı yoxdur".
Ekspert hesab edir ki, maddi kompensasiyanın ərazi ilə əvəz edilməsi barədə konkret nəsə demək hələ çox erkəndir:
"İlk növbədə dəyən ziyanın hesablanması, beynəlxalq ekspertlərin bu işə cəlb olunması, xüsusi ilə də Ermənistan yönümlü mövqe tutan ölkələrdən olan mütəxəsislərin bura dəvət edilməsi vacibdir. Bundan sonra əldə olunan hesabatlar və sənədlər aidiyyatı qurumlara tədqim edilməli, beynəlxalq təşkilatlarda məsələ qaldırılmalı, müzakirələrə başlanmalı və kompensasiya ilə bağlı hüquqi qərar əldə edilməlidir".
Ədalət Verdiyev bildirib ki, kompensasiyanın məbləği dəqiqləşəndən sonra artıq onun ödənilməsi barədə Azərbaycanın tarixi torpaqlarının kompensasiya əvəzi olaraq Azərbaycana qaytarılması müzakirə oluna bilər:
"Ərazi seçiminə gəldikdə isə əslində Ermənistan ərazisi keçmişdə tamamilə Azərbaycana məxsus torpaqlardır. Göyçə mahalı, Zəngəzur, İrəvan xanlığı və s. Amma bizə daha real görünən Zəngəzur mahalıdır. Ona görə ki, Zəngəzur mahalının Ermənistana verilməsi, Azərbaycan ilə Naxçıvanı bir-birindən ayırıb. Zəngəzurun Ermənistana aid olması indi də Naxçıvanla sıx təmaslarımızı əngəlləyir. Ona görə də bu məsələdə Azərbaycanın üstünlük verə biləcəyi əsas ərazinin Zəngəzur mahalı olacağı ehtimal edilir".