Ermənistanda əsgər valideynləri Müdafiə Nazirliyinin Hərbi Universitetinin binası qarşısında etiraz aksiyası keçiriblər.
Məlumatı "Novosti Armeniya” yayıb.
Valideynlər övladlarının iradələrinin əksinə olaraq yenidən Azərbaycanın Qarabağ bölgəsinə göndərilməsinə etirazlarını bildiriblər. Söhbət işğal dövründə Ermənistan Silahlı Qüvvələrinin tərkibində Azərbaycanın Qarabağ bölgəsində xidmət etmiş əsgərlərdən gedir. Onlar 44 günlük döyüşlərdən sonra Ermənistanda məzuniyyətdə olublar. Rəsmi Yerevan onları yenidən Qarabağa xidmətə göndərir. Azərbaycan tərəfi onların avtomobil karvanını öz ərazisinə buraxmadığı üçün əsgərləri Hərbi Universitetin ərazisində yerləşdiriliblər.
Valideynlər övladlarının həyatına təminat verilmədiyini söyləyiblər. Onlar qeyd edib ki, Qarabağda xidmət etməkdən boyun qaçıran əsgərlər cinayət məsuliyyətinə cəlb olunurlar.
Aksiya iştirakçıları Ermənistan Müdafiə Nazirliyinin məsələyə aydınlıq gətirməsini tələb edir.
Qeyd edək ki, noyabrın 10-da Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanan üçtərəfli bəyanatın 4-cü maddəsinə əsasən, Rusiyanın sülhməramlı kontingenti Qarabağda erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.
///Report