Həm 10 noyabr Bəyanatı və həm də dünən Moskvada baş tutan görüşdə imzalanan Bəyanat bölgədə kommunikasiya baxımından yeni reallıqlar yaradır.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, indiyədək Azərbaycanı qlobal dünya ilə bağlayan kommunikasiyalar əsasən Gürcüstan üzərindən idi. Kifayət qədər də çətinliklərlə başa gəlirdi:
"Son anlaşmalara görə artıq Azərbaycan Ermənistan ərazisindən, Mehri rayonundan istifadə etməklə Naxçıvana dəhliz əldə edir. Naxçıvandan isə Türkiyəyə və bütün dünyaya yollar açıqdır. Belə olan halda maraqlı sual ortaya çıxır. Bundan sonra Azərbaycanın qlobal marşrutlarının, kommunikasiya və nəqliyyat xətlərinin Gürcüstan üzərindən, yoxsa Ermənistan üzərindən məlum koridorla Türkiyəyə istiqamətlənməsi sərfəli olar?
Əlbəttə, xərclər baxımından ikinci variant daha məqbuldur. Bildirim ki, son zamanlar Gürcüstan hökuməti Azərbaycanın qlobal layihələrinə qarşı ciddi maneələr yaradır. Məlumdur ki, AzerTelecom şirkəti “Rəqəmsal İpək Yolu” və onun bir hissəsi olan “Azerbaijan Digital Hub” proqramı çərçivəsində Avropa, Qafqaz, Mərkəzi Asiya və Çini vahid optik-lifli magistralla birləşdirməyi nəzərdə tutan qlobal layihə icra edir. Bu məqsədlə artıq Xəzərin dibi ilə fiber optik xətt çəkilməsini nəzərdə tutan TransXəzər layihəsi üzrə Qazaxıstan və Türkmənistan ilə hökumətlərarası müqavilələr bağlanıb.
AzerTelecom 2019-cu ildə bu layihənin icrası məqsədilə Qara dənizin dibi ilə optik xəttə sahib olan Gürcüstanın “Caucasus Online” telekommunikasiya şirkətinin səhmlərini bütün mövcud prosedurlara əməl etməklə alır.
Lakin Gürcüstan hökuməti sonradan qanunvericiliyə dərhal dəyişiklik edərək bu müqaviləni şübhə altına alır, Azərbaycana məxsus olan şirkəti qanunsuz yolla ələ keçirir və indiyədək də Azərbaycan və bütün region üçün əhəmiyyətli olan bu qlobal layihənin reallaşmasına imkan vermir.
Xatırlayıram ki, Gürcüstan tərəf öz maraqları üçün Bakı-Tbilisi-Ceyhan və digər kommunikasiyalarda da bizə xeyli maneələr törədiblər.
Düşünürəm ki, Ermənistan koridoru Azərbaycan üçün, elə Türkiyə üçün də yeni kommunikasiyalar baxımından daha üstün və daha əlverişli şərait yarada bilər.
Fikrimcə, Gürcüstan tərəf üç dövlət arasında dünən baş tutan razılaşmadan sonra itirəcəklərini anlayaraq Azərbaycana qarşı olan mövqeyində xeyli düzəlişlər edəcək.
İstənilən halda, düşünürəm ki, AzerTelecom şirkətinin adı çəkilən qlobal layihənin TransXəzər hissəsinin davamını Gürcüstan vasitəsilə Qara Dənizin dibi ilə deyil, elə yeni yaranan Ermənistan koridoru boyunca da davam etdirilməsi məsələsini nəzərdən keçirməsi indiki anda doğru olardı".