Ermənistan müxalifəti Baş nazir Paşinyanın istefasına nail olmaq niyyətindədir. Onun əvəzinə ölkənin keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyan müxalifət tərəfindən vahid namizəd kimi irəli sürülür. “RBC” telekanalına müsahibə verən Vazqen Manukyan Ermənistanda davam edən siyasi böhran və hakimiyyətin xarici diplomatik siyasətinin davamlı uğursuzluqlarına toxunub.
“Qafqazinfo” xəbər verir ki, müsahibədə Ermənistanda Azərbaycanla müharibədə məğlub olması ilə nəticəsində yaranmış siyasi böhranın davam etdiyi və əvəzində isə rəsmi Bakının işğal olunmuş ərazilər üzərində nəzarəti bərpa etdiyi vurğulanıb.
Vazqen Manukyan hələ döyüşlər davam edərkən Paşinyanı istefaya çağırdığını və bunu cəbhədə baş verən acınacaqlı vəziyyətdən xəbərdar olduğu üçün etdiyini bildirib. O qeyd edib ki, Paşinyan danışıqlar prosesində hər zaman təslimçi mövqedə dayanır, onun məğlub durumu üz ifadəsindən, başqa ölkələrin liderlərinin ona münasibətindən açıq sezilir.
11 yanvar Moskva görüşünün nəticələrinə münasibət bildirən Manukyan Ermənistanın bu görüşdən heç nə qazanmadığını etiraf edib.
“Kommunikasiyalardan bəhs etdikdə, ümumi ifadələr işlədilir. Nəqliyyat məsələsinə gəldikdə isə bu, Azərbaycanın maraqlarını təmin etmək deməkdir.
Bu üçtərəfli danışıqlar zamanı biz heç bir şey qazanmadıq, Azərbaycan lazım olanı - Naxçıvanı Azərbaycanla birləşdirəcək bir yolu əldə etdi”,- deyə o qeyd edib.
Müxalifət lideri Paşinyanın hakimiyyətə “narıncı inqilab” yolu ilə gəlməsinin də uğursuzluğun əsas səbəblərindən biri olduğunu bildirib:
“Ermənistanda baş verənlər “narıncı inqilab” idi. “Narıncı inqilab”lar isə heç vaxt yaxşı bitmir. “Narıncı inqilablar”ın ardınca, hakimiyyətə daha çox hökumətə rəhbərlik etməyə hazır olmayan səriştəsiz insanlar gəlir. Paşinyan hakimiyyətə gələrək cəmiyyəti parçaladı, indikilər və əvvəlkilərə böldü”.
Manukyan qeyd edib ki, Birinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycanı məğlub edə bilməsinə səbəb hakimiyyətə Əbülfəz Elçibəyin rəhbərlik etməsi olub. O, Paşinyanla Elçibəy arasında analogiya apararaq “Birinci Qarabağ müharibəsi, 1992-1994-cü illərdə Azərbaycanı məğlub etdiyimiz zaman Əbülfəz Elçibəyin rəhbərlikdə olması bizə çox kömək etdi. O zaman hələ “narıncı inqilab” ifadəsi yox idi, ancaq o, məhz bu cür fikirlərə sadiq qalan bir şəxs idi.
İndi Azərbaycan bizim öz “Elçibəyim”izin olmasından istifadə etdi”,- deyə qeyd edib.
Ermənistan müxalifətinin vahid namizədi cəmiyyətdə baş qaldıran revanşist ab-havaya da münasibət bildirərək, bunun lüzumsuz olduğunu ifadə edib:
“Ermənistanın Azərbaycanla müharibəyə ethiyacı olduğunu düşünmürəm. Ona görə də indi intiqam almağı, döyüşməyi düşünməyin mənası yoxdur. Müharibəyə başlamaq bizim üçün maraqlı deyil. Biz ağır vəziyyətdəyik”.
Keçmiş müdafiə naziri döyüşlər zamanı rəhbərlikdə baş verən xaotik vəziyyəti Paşinyanın səriştəsizliyi ilə əlaqələndirib:
“Birincisi, onun cəbhədə baş verənlər barədə çox az anlayışı var idi. Ordu rəhbərliyi isə çox acınacaqlı vəziyyətdə idi. Hamı onun əmrlərini yerinə yetirirdi, o isə hər cəhətdən bacarıqsız idi”.
Döyüş əməliyyatlarının davam etdiyi zaman Rusiyanın təmkinli mövqeyi və proseslərə ciddi müdaxilə etməməsi ilə bağlı suala isə Manukyan belə cavab verib: “Axı müdaxilə edə də bilməzdi. Bizim üçün döyüşməli idi? Belə şey olmur. Bununla belə Rusiya, bizə silah verdi və müharibəni dayandırmağa bir neçə dəfə cəhd etdi”.