"Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib".
SHOWNEWS.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada səfərdə olarkən deyib.
“Güllələnmiş heykəllər”in Şuşaya qaytarılmasını şərh edən dövlət başçısı bildirib:
"Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır, 1982-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və ulu öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi".