“Fransa-Azərbaycan münasibətlərinə yenidən başlamağın vaxtıdır”.
APA xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.
“Fransa Ermənistan və Gürcüstanla bərabər Azərbaycanın da hər zaman dostu olub. Biz Cənubi Qafqazın bütün dövlətləri ilə sıx münasibətlər qurmaq istəyirik. Azərbaycan kimi, Fransa da dünyəvi, müasir və çox məzhəbli ölkədir. Fransada ateistlər, xristianlar, yəhudilər və müsəlmanlar ehtiramla birlikdə yaşayırlar. Fransa da Azərbaycan kimi biomüxtəlifliyin qorunub-saxlanması, iqlim dəyişikliyinə qarşı mübarizə və ümumdünya səhiyyə sahəsində qloballaşmanın əsas çağırışlarına qarşı çıxmaq üçün multikulturalizmə ümid bəsləyir. Bütün mövzular üzrə 2021-ci ildə Azərbaycanın səsinin açıq və tərəfdaşlıq şəraitində eşidilməsini arzulayıram. Azərbaycanın neft və qaz istehsalçısı kimi öhdəliyi var. Xəzər dənizindən Qafqaz dağlarına qədər olan təbiətə görə Azərbaycan cavabdehdir. Azərbaycan hazırda Qoşulmama Hərəkatına sədrlik edir. Ölkələrimizin sələflərimiz tərəfindən başlanılmış işi davam etdirmək öhdəliyi var. Azərbaycan 1918-ci ildə müstəqillik qazananda Fransa yanında olub. Prezident Fransua Mitteran 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət başçıları sırasında idi. Bu yaxınlarda, 600 azərbaycanlı tələbəni bakalavrdan magistr dərəcəsinə hazırlayan Fransa-Azərbaycan Universiteti və eyni zamanda, Ağ Şəhərin mərkəzində hamı üçün açıq, dinamik və müasir olan və keyfiyyətli tədris bəxş edən Bakı Fransız Liseyi kimi birlikdə böyük layihələr həyata keçirdik. Bu səbəbdən münasibətlərimizə mane olan son gərginlik məni qane etmir. Onları geridə qoymalıyıq. Bu gün hələ də şübhə edənlər sabah dialoq və əməkdaşlığı yeniləyə bildikləri üçün siyasi liderlərimizə təşəkkür edəcəklər”, - deyə səfir bildirib.
O deyib ki, münasibətlərdə fəallaşma təkcə iki ölkə üçün deyil, həm də Avropa və Qafqaz, bir sözlə hər kəs üçün vacibdir: “1957-ci ildən etibarən Fransa bütün gücünü və əqidəsini Avropa layihəsinə sərf edib və bundan məmnundur. Çünki Avropa İttifaqı parlaq tarixi uğur qazanıb. Bu səbəbdən, Fransanın Azərbaycandakı səfiri kimi ən əziz istəklərimdən biri də budur ki, yeni əməkdaşlıq razılaşması ilə Avropa İttifaqı ilə Azərbaycan öz tərəfdaşlıqlarını yeniləsin və möhkəmləndirsin”.
Fransalı diplomat qeyd edib ki, 9 noyabr razılaşması Cənubi Qafqazın tarixində yeni səhifə açmağa imkan verməlidir: “ATƏT-in Minsk Qrupunun həmsədrlərinin keçən il dekabr ayında Bakıya səfəri həssas siyasi məsələlərlə bağlı dialoqu yenidən qurmaq üçün vacib idi. Bu baxımdan ən təcili olan, humanitar sahədə gözləntiləri qarşılamaqdır. Bundan savayı, bölgənin təcrid olunmamasını və regional iqtisadi inkişafa çalışmalıyıq. Ancaq yenə də iddialı olmalıyıq. Bu gün De Qoll və Adenauerin Fransa ilə Almaniya arasında barışıq qurduğu kimi, Azərbaycanla Ermənistan arasında da barışığa nail olmalıyıq”.