Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının rezidentinin istehsal etdiyi dronlar işğaldan azad olunmuş ərazilərin radiasiya fonunun ölçülməsində istifadə olunacaq.
Bu barədə AMEA Yüksək Texnologiyalar Parkı məlumat yayıb.
Bu güzəştlərdən yararlanan Yüksək Texnologiyalar Parkının rezidentlərindən olan “AZELTECH” şirkəti tərəfindən daha bir innovativ layihə – dronların istehsalı üçün hazırlıq işləri görülür. Bu dronlardan işğaldan azad olunmuş ərazilərimizdə meşə və su təsərrüfatının, flora və fauna tərkibinin tədqiqi, eləcə də Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının nüvə tullantılarının ərazilərimizdə basdırılma ehtimalı yüksək olduğundan bu bölgənin radioekoloji monitorinqinin aparılması məqsədilə istifadə olunacaq.
Hazırda dronlar üzərində sınaq işləri həyata keçirilir. Bu məqsədlə baza dronunun üzərinə ərazilərin radioekoloji monitorinqini həyata keçirmək üçün qamma və neytron detektorları inteqrasiya olunur. Dronlar vasitəsi ilə real vaxt rejimində mövcud koordinatda işğaldan azad olunmuş ərazilərin radiasiya fonunun ölçülməsi nəzərdə tutulur.