Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ankarada verilən mesajlar: Yeni tarixi mərhələ başlayır

Ankarada verilən mesajlar: Yeni tarixi mərhələ başlayır

İranın xarici işlər naziri Cavad Zərifin Azərbaycan, Rusiya, Gürcüstan, Ermənistan və Türkiyəyə səfəri başa çatdı.

Ankarada Mövlud Çavuşoğlu ilə keçirdikləri görüşdən sonra mətbuat konfransı keçirildi. KİV və ekspertlərin aparılan müzakirələrə və alınan qərarlara maraqları yüksək idi.

Hər iki nazir nəticələrdən məmnundur. Ekspertlər hesab edirlər ki, Ankara və Tehran ABŞ-ın təzyiqləri qarşısında və formalaşan yeni geosiyasi mənzərənin məntiqinə uyğun qarşılıqlı münasibətlərdə tarixi yenilik edə bilərlər.  

Mətbuat konfransında onun ilk əlamətləri hiss olundu. Hər şeydən öncə, jurnalistlərin diqqətindən nazirlərin bir-birinə “qardaş” və “arxadaş” deyə müraciət etməsi yayınmadı. Bu, kifayət qədər isti münasibətin yaranmasından xəbər verir.

Eyni zamanda, C.Zərif  R.T.Ərdoğanı Tehranda gözlədiklərini bəyan etdi.

Bu incə siyasi davranışları konkret addımların təsdiqləməsi də mətbuat konfransında aydın oldu. Münasibətlərdə yeni dönəmin başlaya biləcəyinin işarətləri nazirlərin məhz həmin addımlar haqqında informasiyalar verməsi ilə bağlıdır.

İranın xarici işlər naziri Türkiyə ilə birlikdə geniş geosiyasi coğrafiyada əməkdaşlığın formatlarından ardıcıl olaraq bəhs etdi.

Yaxın Şərq. Türkiyə ilə bilrikdə Suriyada barış və sabitliyin təmini prosesinə davam. Bunun üçün Astana formatını Tehran yenidən canlandırmaq fikrindədir. Artıq İran şübhə etmir ki, Türkiyəsiz Suriyada davamlı sabitlik mümkün deyildir. Yəni əvvəllər Türkiyə ilə əməkdaşlıq təşəbbüsü Rusiyadan gəlirdisə, indi İran özü bunda maraqlıdır.

Bunun da səbəbi vardır. Məsələ ondan ibarətdir ki, Amerika Suriyada PKK/PYD terror qruplaşmasına yeni səviyyədə dəstək verməyə başlayıb.

Sonucda bu məqam Türkiyə ilə yanaşı İrana da təhlükədir. Müəyyən mənada tale Tehranla Ankaranı Suriyada arxadaş edir. 

Qafqaz. Burada Ermənistanın darmadağın olması Tehranı regional siyasətinə düzəliş etməyə məcbur etməkdədir. Artıq İran Ermənistana əvvəlki kimi “qardaş” ola bilməz. Bunun geosiyasi qiyməti yoxdur. 

Həm də ona görə ki, N.Paşinyan Soros uşağı kimi Tehranla səmimi ola biməz. İqtisadi, siyasi, hərbi, mənəvi çöküş yaşayan Ermənistana arxa olmaq, birbaşa İranı dövlət kimi nüfuzdan salmaq deməkdir.

Ancaq buna rəğmən, İrəvanda verilən bəyanatlar göstərir ki, İran Ermənistanla əməkdaşlığından qalmaq fikrində deyil. Bu aspektdə, ümumiyyətlə, regional əməkdaşlıq formatı çərçivəsində əməkdaşlıq Tehran üçün daha uyğun görünür.

Azərbaycan məsələsi isə İran üçün son dərəcə əhəmiyyət kəsb edir. Artıq İran Azərbaycanla bütün sferalarda əməkdaşlıqda olduqca maraqlıdır və bu, iki ölkənin qonşu olaraq dinc yaşaması baxımından əhəmiyyətlidir. 

Gürcüstan məsələsində İran həmişə ehtiyalıdır. Bu ölkəyə İran təsirini əsas olaraq dini məzhəb üzərindən edir. Ekspertlər hesab edirlər ki, bu tendensiya hazırkı geosiyasi şəraitdə qalmaqda davam edə bilər. Xüsusilə, Amerikanın Gürcüstandan İrana qarşı istifadə etmək planlarının olması, Tehranı Tbilisiyə qarşı daha isti olmağa vadar etməyəcək.

 Nəhayət, Mərkəzi Asiya. Bu istiqamətdə C.Zərifi Ankarada konkret model də ifadə etdi: Türkiyə-İran-Əfqanıstan!

“Habertürk”ün yazdığına görə, bu fikrin əhəmiyyəti C.Zərifin jurnalistlərin suallarına verdiyi cavabda daha yaxşı ifadə edilib. İranlı nazir deyib: 

“Bu gün yeni əməkdaşlıq fürsətlərimiz var. Sadəcə Suriya deyil, Qafqazda da. Eyni zamanda əfqan qardaşlarımızın tələbi üzərinə Əfqanıstan-İran-Türkiyə işbirliyi ilə bağlı müzakirə apardıq. 

“İranla Türkiyə arasında əməkdaşlıq potensialı genişdir. İnşallah, Amerikanın məntiqli mövqeyi sayəsində əlaqələrimiz daha da dərinləşəcək”.

Mövlud Şavuşoğlu da eyni məntiqlə fikirlərini ifadə edib: 

“Bu gün dünyada çətinliklər var. Onların çoxu da bizim bölgədədir. Bölgənin təhlükəsizliyi üçün çalışmalarımızı davam etdiririk”.

Bunlardan geosiyasi aspektdə maraqlı olan nəticə alınır.

İran Türkiyənin regional güc kimi statusunu və gücünü qəbul etməyə başlayıb. 

Tehran müasir tarixdə ilk dəfə olaraq Türkiyəyə Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyada əməkdaşlığın, sabitliyin və təhlükəsizliyin təminində əsas tərəfdaşlardan biri kimi baxır. 

Yəni demək olar ki, Türkiyə regional supergücdür. 

Qlobal supergüc olmağa cəmi bir addım qalır... 

Bizim.Media