Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını qoyan, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu dastana çevrilən, xalqımızın ölməz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadənin bu gün doğum günüdür.
SHOWNEWS.AZ-ın məlumatına görə, o, 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası din xadimi olsa da, həyata açıq gözlə baxıb, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəldib. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynayıb. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatını yaradıb ("Azərbaycan türk kultur dərgisi", Ankara No269, 1989-cu il, səh.49). Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. Sonra "Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlanmış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilib.
M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlayıb, "Müxəmməs" adlı ilk şeri "Şərqi Rus" qəzetində (1903-cü il No20) çap olunub. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılıb. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və Məhəmməd Əmin Rəsulzadə olublar. ("Бакински рабочи" qəzeti, No60, 18 mart, 1923-cü il). M.Əzizbəyov, N.Nərimanov, S.M.Əfəndiyev və başqa görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilib, (1904-1905-ci illər, cami 6 nömrə), qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olub. Lakin hələlik onun bir nömrəsi də tapılmayıb.
Ankara Universitetinin tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan… Azərbaycan… Azərbaycan…" deyərək əbədiyyətə qovuşub. Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirib