"Prezident İlham Əliyevin dünənki müsahibəsi və açıq şəkildə konkret adlar açıqlaması digər məmurlara da dərs oldu. İkinci dəfə kimsə bu niyyətlə Şuşa və ya digər işğaldan azad edilmiş ərazilərdə hansısa addımları atmağa risk etməyəcək".
SHOWNEWS.AZ xəbər verir k, bunu Azxeber.com-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, deputat Fazil Mustafa ölkə başçısı İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində bəzi məmurlar barədə tənqidlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycanda çoxları Şuşanı "məmur şəhərinə” çevirməyin mümkün olmayacağını başa düşdü:
"Prezident İlham Əliyevin dünənki açıqlamaları son günlərdə aktual olan məsələlərdən biri idi. Biz Qarabağa istirahət faktoru kimi deyil, vətən torpağı, istehkam kimi baxmalıyıq. İnsanlar müxtəlif yerlərdə özlərinə hər hansı bir şəkildə istirahət, əyləncələr yarada bilərlər. Bunun üçün də kifayət qədər imkanlar da yaradılıb. Amma hər kəsin Qarabağa baxış bucağı dəyişməlidir. Prezident İlham Əliyev də öz müsahibəsində, xüsusilə bu məsələsini vurğuladı.
Hesab edirəm ki, bu istiqamətdə də cəmiyyətdə bir aydınlanma oldu. Şuşa ilə bağlı nələrin ön planda olacağı məlum oldu. Orada əsasən turizm, xüsusilə də səhiyyə turizmi və mədəniyyətlə əlaqədar olaraq işlər görməliyik. Azərbaycan mədəniyyətinin tanıtmaq üçün daha çox insanların həmin ərazilərə gəlməsini təmin etməliyik”.
Fazil Mustafa onu da əlavə edib ki, məmurların digər yerlərdə həyata keçirdikləri "yırtıcılığı” Şuşada tətbiq etmək mümkün olmayacaq:
"Şuşa həm də bizim Qarabağa nəzarət mərkəzimizdir. Biz bunu unutmamalıyıq. Oraya hərbi strateji məntəqə kimi yanaşmalıyıq. Bütün strukturu da məhz hərbi strateji məntəqə formatına uyğun qurmalıyıq. Çünki Şuşanın təhlükəsizliyi bizim üçün çox önəmlidir. Şuşanın mədəniyyət mərkəzi kimi əbədi Azərbaycan ərazisi olaraq mövcudluğunu qorumaq bizim üçün artıq şərəf məsələsidir. Bu baxımdan da prezident konkret adlar çəkməklə, dəqiq niyyətləri söyləməklə bunu göstərmək istədi. Ayrı-ayrı məmurlar üzərindən verilən açıqlamalar cəmiyyətin dünyagörüşünün dəyişməsi üçün bir çağırış idi. Fikrimcə bu çağırış anlaşıldı. Mədəniyyətlə məmur anlayışı üst-üstə düşmür. Başqa yerlərdə törədilən eyni "yırtıcılığı” Şuşada tətbiq etmək mümkün olmayacaq”.