Zəngəzurun Xinzirək (Nerkin Xndzoresk) kəndi istiqamətində bəzi kəndlər Azərbaycanın nəzarətinə keçib.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə erməni mediası məlumat dərc edib. Kənd icma rəhbəri Yervand Maluntsun sözlərinə görə, fevralın 4-də Ermənistan silahlı bölmələri bəzi mövqelərdən geri çəkiliblər və həmin mövqelərə azərbaycan hərbçiləri gəlib.
Malunts bildirib ki, hazırda kənd evləri ilə Azərbaycan hərbçilərinin mövqeləri arasındakı məsafə cəmi bir neçə yüz metrdir.
Xəbər Ermənistanda geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri isə yenə də Paşinyana lənətlər yağdırıb. Onlar düşünür ki, Ermənistanın əleyhinə baş verən bütün hadisələrin başında Baş nazir Paşinyan durur.
Qeyd edək ki, Xinzirək işğaldan azad edilən Qubadlı rayonu ilə sərhəddə yerləşir. Bundan əvvəl sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində Zəngəzurun Şurnuxu kəndində 12 evin olduğu ərazi Azərbaycana təhvil verilib.