Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda yerləşən dünyanın ən böyük neytron qaynağı hesab edilən PİK neytron reaktorunun enerji istehsalını istifadəyə verib.
SHOWNEWS.AZ “Sputnik”ə istinadən xəbər verir ki, Kurçatov İnstitutu Milli Tədqiqat Mərkəzi tabeliyindəki Sankt-Peterburq B.P.Konstantinov Nüvə Fizika İnstitutundakı dünyanın ən böyük neytron reaktoru enerji istehsal etməyə başlayıb.
Putin institutda təşkil olunan mərasimə videokonfrans vasitəsilə qoşulub:
“Sizlərə uğurlu və məhsuldar bir iş diləyirəm. Rusiya Elm Günü münasibətilə sizi təbrik edirəm və Elm və Təhsil Şurasına dəvət edirəm. İnstitutunuz önəmli ənənələrə və mütəxəssis yetişdirmə mövzusunda bənzərsiz bir səviyyəyə sahibdir.
İxtiralarınızla ölkəmizi çox heyran qoymusunuz. Bu addımın da gələcəkdə böyük dövlətimizin yararına olacağına əminəm”.
Qeyd edək ki, kompakt nüvəli və ağır su reflektorlu PİK reaktor layihəsi 1970-ci illərin əvvəllərində hazırlanıb. Layihə ən yüksək sıxlığa malik neytron şüalarının mənbəyi kimi dizayn olunub. 1986-cı ildə layihə üzərində işlər 70 faiz həcmində başa çatdırılıb və reaktorun tikintisinin birinci mərhələsi tamamlanıb.
Ancaq Çernobılda baş verən qəza layihənin təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Elmi araşdırmalar mərhələsi 1991-ci ilə qədər uzanıb. Reaktorun modernləşdirilməsi prosesi beynəlxalq səviyyədə yoxlamalardan keçirilib. Neytron reaktoru 2011-ci ildə inşası başa çatdıqdan sonra sınaq üçün 100 Vatt gücündə işlədilib.