Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Paşinyan Azərbaycanın tələbini yerinə yetirmək istəyir - TƏHLİL

Paşinyan Azərbaycanın tələbini yerinə yetirmək istəyir - TƏHLİL

Regionda baş verən proseslər, xüsusilə də Ermənistan hərbi-siyasi rəhbərliyinin son qərarları Azərbaycan ictimaiyyəti üçün də bir mesaj olmalıdır. Belə ki, ötən ilin sentyabrın 27-də işğalçı Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlatdığımız Vətən müharibəsi təkcə düşmənin alçaldıcı məğlubiyyəti ilə başa çatmadı, əzab verməyə davam edirik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük müharibə zamanı işğal altındakı torpaqlarımızı azad etməklə yanaşı Ermənistana heç vaxt unutmayacağı dərsin əsasını qoydu. Bu müharibədə acınacaqlı məğlubiyyətə düçar olan işğalçı Ermənistan noyabrın 10-da üctərəfli bəyanat adlandırılan, əslində isə kapitulyasiya aktına imza atmaqla öz məğlubiyyətini rəsmən etiraf etmiş oldu. Amma müharibə bitmədi...

O gün-bu gün Ermənistan düşərgəsindən təhdid xarakterli bəyanatlara, təxribatlara, terror aktlarına cəhd hallarına cavabını Azərbaycan məhz siyasi gedişləri ilə verir. Artıq bunun ilk rüşeyimlərini Ermənistan hakimiyyətnin verdiyi son qərarlarla görməyə başlamışıq.

İki gün öncə Ermənistan Qarabağa çağırışçı göndərilməsini dayandırdı. Ermənistandan hərbi xidmətə çağırılanlar yalnız respublika daxilində yerləşən hərbi hissələrdə xidmət edəcəklər. Bu zamana kimi, xüsusən də 44 günlük müharibə zamanı Ordumuzun məhv etdiyi düşmənin canlı qüvvəsinin böyük əksəriyyətinin məhz İrəvan və Ermənistanın digər şəhər, rayonlarından cəlb edildiyi artıq heç kimə sirr deyil. Hələ də yüzlərlə erməni ailəsi itkin düşən övladlarına görə Ermənistanda müxtəlif dövlət əhəmiyyətli və strateji ərazilərdə etiraz aksiyalarını davam etdirirlər. Müharibədə itkin düşənlərin sıralarına qoşulan aksiya iştirakçılarının sayı isə durmadan artır. Bu, onu deməyə əsas verir ki, Ermənistan əhalisi Qarabağla bağlı çox ciddi dərs götürdü. Bir də hər hansı bir erməni ailəsi eyni aqibətlə üzləşməmək üçün övladını Qarabağda xidmət çəkməyə qoymayacaq kimi görünür. Əslində hadisələrin bu cür gedişatı bir tərəfdən erməni hərbi-siyasi rəhbərliyinə də sərf edir. Çünki istər 10 noyabr sənədlərindəki müddəaların icrası baxımından, istərsə də 11 yanvarda Moskva danışıqlarına görə Nikol Paşinyanın görəcəyi çox iş var. Üçtərəfli razılığa əsasən Ermənistan rəhbərliyinin qarşısına qoyulan tapşırıqları icra etməsi üçün əlinə-ayağına dolaşanın olmaması vacibdir. Bu, istər status-kvonun ləğv edildiyi Dağlıq Qarabağın yerdə qalan ərazilərinin (Xankəndi, Xocalı, Xocavənd) güllə atılmadan Azərbaycana təhvil verilməs üçün, istərsə də Sünikdə (Zəngəzur) aparılan delimitasiya, demarkasiya işlərinin tamamlanması üçün əhəmiyyətlidir.

Elə bunun davamı kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi, erməni general Yuri Xaçaturov barəsində həbs-qətimkan tədbiri dəyişdirilmədi, həbsdə qaldı. Səbəbi isə çox sadə. Qazax-Tovuz istiqamətində Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri məhz Yuri Xaçaturovun oğlu general-mayor Qeorqi Xaçaturovdur. O Qeorqi Xaçaturov ki, 2 fevral tarixində saat 05:00 radələrində Qazax ra­yo­nunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmə­ləri tə­rə­fin­dən həmin istiqamətdə dövlət sər­hədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xid­mə­tinin sərhəd-döyüş məntəqəsinə doğru təxribat törədən Er­mə­nistan Silahlı Qüvvə­lərinin 3-cü Ordu Korpusunun komandiridir. Paşinyan Yuri Xaçaturovu həbsdə saxlatmaqla oğluna ağlını başına yığması üçün bir xəbərdarlıq idi. Çünki Paşinyan hansı sənədlərə imza atdığını bilir və icra etməyəcəyi təqdirdə onu hansı mərhumiyyətlər gözlədiyini yaxşı anlayır. Yuri Xaçaturov məhz Nikol Paşinyan hakimiyyətə gələndən sonra həbs edildi. Yəni, Yuri Xaçaturovun oğlu Ermənistan Silahlı Qüvvələrində birbaşa məlum xarici qüvvələrə, güc mərkəzlərinə bağlı olan qruplaşmanın nümayəndəsidir. Yəni, bu, birinci nəzərə alınmalı bir məsələdir. Çünki nə Yuri Xaçaturov, nə onun oğlu Nikol Paşinyana o qədər də tabe olmayıblar və deyillər. Düşünmək olar ki, məhz Qeorqi Xaçaturovun da məqsədi Rusiyaya Paşinyanın 10 noyabr sənədlərinə və 11 yanvar razılığına xilaf çıxmasını göstərməklə onun siyasi ömrünü sonlandırmaq üçün qurulmuş oyun idi.

Ermənistan mətbuatına Azərbaycanla həmsərhəd Sünik (Zəngəzur) vilayətinin bölgələri barədə xəbər yazmaq qadağasının qoyulması ilə bağlı məlumat isə çoxlarımız üçün gözlənilməz olsa da Paşinyan hakimiyyəti qeyd etdiyim ki, kapitulyasiya aktını və 11 yanvar görüşündə razılaşdırılan və bu vaxta kimi açıqlanmayan bir çox məsələləri icra etmək üçün əlinə-ayağına dolaşanları zərərsizlşdirmək baxımından ona hava-su kimi lazım idi. Bundan sonra erməni jurnalistlər Azərbaycanla həmsərhəd Sünik vilayətinin bölgələri barədə xəbər yazmaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətindən xüsusi razılıq almalıdırlar. Ermənistanda mətbuata təzyiqlərin artması belə düşünməyə əsas verir ki, Paşinyan sənədlərdəki müddəların icrası üçün ciddi düşünüb. Ermənistan hakimiyyətinin medianı belə bir senzura ilə üz-üzə qoymasının səbəbi isə təbii ki, daxili siyasi vəziyyətdir. Ölkədəki daxili siyasi vəziyyətin bərbad durumda olmasını nəzərə alan Paşinyan rejimi Sünik (Zəngəzur) vilayətindəki prosesləri ictimailəşdirməkdən çəkinirlər.

Düşmən ölkədə hadisələrin bu cür xronoloji ardıcıllıqla inkişafı Azərbaycanın qələbə ilə başa çatdırdığı müharibədən sonra da istəklərini, tələblərini diqtə etdirdiyini göstərir.

Təhməz Əsədov
Milli.Az