Ermənistanın ikinci prezidenti Robert Koçaryan həm Baş nazir Nikol Paşinyana, həm də Azərbaycana qarşı revanş marşrutunu Moskvadan götürür. Təbii ki, elə Kremlin bəzən gizli, bəzən də aşkar xeyir-duası ilə.
Koçaryanın Rusiyanın “Birinci kanal”ında Moskvanın təbliğat aparatındakı əsas vintlərdən olan Vladimir Poznerə müsahibəsi belə deməyə əsas verir.
Koçaryan müsahibəsində Ermənistanda gözlənilən növbədənkənar parlament seçkilərində iştirak edəcəyini söyləyir və əslində Rusiyanın maraqlarını dilə gətirir.
Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra anti-Rusiya ritorikasından əl çəkmir, əqrəbləri Qərbə doğru çevirir. Təbii ki, Rusiya ilə münasibətlərin vacibliyini də vurğulayır, lakin bu Moskva üçün natamam mövqedir.
Rusiyaya tam sözə baxan, sorğusuz itaət edən, sadiqlikdən çox marionetka olan bir siyasətçinin hakimiyyətdə olması lazımdır.
Paşinyan diplomatik-siyasi əlaqələrdə iki stulda oturmağa cəhd edir, lakin Rusiyanın təsiri bütün ağırlığı ilə Paşinyan komandasının üzərində hiss edilir. Bununla belə Rusiya əlavə problem istəmir, buna görə də, Ermənistanda öz hakimiyyətini ağrısız bərqərar etmək niyyətləri ilə hərəkətə keçir.
Bunun üçün “əl quzusu” kimi bir fiqur lazımdır ki, bu da Koçaryandır. Rusiya Ermənistandakı növbədənkənar parlament seçkilərinə öz namizədi Koçaryanı hazırlayır və Paşinyana real opponent kimi irəli çəkir.
Kreml Ermənistanla bağlı perspektiv planlarını məhz Koçaryanı hakimiyyətə gətirmək vasitəsilə reallaşdırmağa çalışır.
Bunun üçün isə Rusiyanın dövlət nəzarətində olan kanalında nüfuzu darmadağın olmuş və erməni cəmiyyətində nifrətlə yad edilən Koçaryana real təbliğat platforması təqdim edilir
Koçaryan müsahibəsində Rusiyaya minnətdarlıq hisslərini başqa ad altında ifadə edir.
“Əgər Rusiya prezidentinin şəxsi, fəal müdaxiləsi olmasa idi, Azərbaycan bütün Dağlıq Qarabağı alacaqdı”- Koçaryan belə deməklə Moskvaya hər şeyə görə “sağ ol” deyir.
Vladimir Poznerə verdiyi müsahibədə Robert Koçaryan əvvəllər göstərilməmiş ambisiyalarını daha dolğun şəkildə ortaya qoyur və erkən seçkilərdə Rusiya geopolitikasının “səfiri” olacağına işarə edir.
Bu arada, müsahibənin yayımlanma tarixi ilə paralel olaraq Robert Koçaryanın Rusiya Prezidenti Vladimir Putinlə onlayn görüşü diqqət çəkir. Fikir verin, telefon söhbəti yox, məhz onlayn görüş. Görüşün mahiyyətində seçkiqabağı Koçaryanı hakimiyyətə hazırlamaq planının işartıları görünür.
Onlar Ermənistandakı vəziyyəti və regiondakı son durumu müzakirə ediblər. Maraqlıdır, Koçaryan hansı statusla Rusiya kimi nəhəngin lideri ilə müzakirə aparır? Burada yalnız bir amil önə çıxır – sırf Kremlin adamı qismində.
Bəs Koçaryan Ermənistanda Rusiyanın mənafeyi naminə, xalqın dəstəyini qazanaraq dominant təmsilçi ola bilərmi? Əlbəttə ki, xeyr. Ermənistan üçün Koçaryanın hakimiyyət kürsüsündə əyləşməsi böyük fəlakətdir və erməni xalqı buna görə ona sərmayə qoyası deyil.
Aqşin Kərimov