Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Düşmənə gözdağı verən mənzərə!

Düşmənə gözdağı verən mənzərə!

Dünən açılışı olan Hərbi Qənimətlər ParkındaVətən Müharibəsi zamanı düşmənin məhv edilən və ələ keçirilən hərbi texnikaları nümayiş olunur. Burada tanklar, toplar, radiolokasiya sistemi, zenit raket qurğuları, piyadaların döyüş maşınları, ermənilərin Azərbaycanın mülki yaşayış yerlərinə atdığı raketlərin qalıqları sərgilənir. Parkda işıq dirəkləri tank mərmilərindən, oturacaqlar sursatların yığıldığı taxta yeşiklərdən hazırlanıb. Həmçinin, Tərtər rayonunda mülki evə atılan və həyətdə stolu deşərək yerə sancılan, partlamayan “Smerç” raketi, eyni zamanda, erməni hərbçilərinin 400-dən çox dəbilqəsi də eksponatlar arasındadır.

Lakin Azərbaycan torpaqlarında işğalı davam etdirmək üçün döyüşən və şanlı ordumuz tərəfindən məhv edilən erməni hərbçilərinin dəbilqələrinin sərgilənməsini əks etdirən görüntülər sosial şəbəkələrdə daha çox paylaşılıb və diqqət çəkib.

 

Deputat Erkin Qədirli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, əslində bu qınanılası və ya şərh ediləsi bir məsələ deyil: “Burada heç bir anti-humanist addım yoxdur. Qələbədir, insanlar qələbənin dadını çıxarmaq istəyirlər. Orada nə var ki? Dəbilqədir də, boş dəmir parçası. Məncə, heç dərin mənası yoxdur. Özlərindən bir şey çıxarırlar. Qənimətdir, tank kimi, top kimi dəbilqə də göstərilir”.

Deputat Fazil Mustafa isə qeyd edib ki, məsələyə Azərbaycanın haqlı davasının nəticələri olaraq təbliğat nöqteyi-nəzərindən baxılmalıdır:

“Prezidentin təşəbbüsü ilə belə bir addım atılması Azərbaycan cəmiyyətində savaşın ölçüsü, qələbənin uğuru barədə düşüncə formalaşdırır. Müharibə dövründə bu cür prosedurlar tətbiq edilir, bu, normal bir ənənədir. Bu ənənə ilə Azərbaycan Prezidenti tariximizdə ilk dəfə bu qədər möhtəşəm qələbənin həm də abidələşdirilməsini möhkəmləndirdi. Dəbilqələr də qələbənin simvoludur, amma simvol bir dənə deyil. Hər bir şəhid övladımızın həyat hekayəsi müharibənin, qələbənin simvoludur.

Dəbilqələrin sərgilənməsi heç bir qeyri-humanist yanaşma deyil. Bu müharibədir, müharibədə humanizm odur ki, başqasının torpağını işğal edəni qovasan. Azərbaycan bir dənə də mülki şəxs öldürməyib, ancaq hərbi obyektlərə atəş açıb. Müasir dövr daha fərqlidir, biz gərək humanizmi göstərək. Azərbaycan da humanist davranıb əsirləri parada çıxarmadı”.

Sosial şəbəkə istifadəçiləri də tarixdə belə hərbi muzeylərin çox olduğunu dilə gətiriblər.

İngilislərin Birinci Dünya müharibəsindən sonra minlərlə alman əsgərinin dəbilqəsini tanklarla əzərək yol çəkmək üçün istifadə etməsi, Kopenhagendə muzeydə nasist geyimlərinin nümayişi, Alman hərbi əsirlərinin Parisdə hərbi paradda keçidi, Moskvada faşist bayraqlarının yandırılması, Cənubi Koreyanın paytaxtı Seulda yaradılan Müharibə muzeyi nümunələr arasındadır.

Murad Əhməd