Uzun illərdir ki, Azərbaycanda dəfn və yas mərasimləri təmtəraqlı bir hala gətirilib. Vəfat edənlərin yaxınları ehsan süfrələri açarkən qonşularından geri qalmamaq üçün daha yaxşısını etməyə can atırlar. Doğrudur, bir müddət öncə yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı müəyyən addımlar atıldı, amma sonra yenidən əvvəlki vəziyyətə qayıdıldı. Verilən tövsiyələr unuduldu. Hətta respublikanın müxtəlif yerlərində bəzi şadlıq evləri artıq funksiyasını dəyişib. Şadlıq evləri mərasim salonlarına çevrilir.
SHOWNEWS.AZ xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Modern.az-a açıqlama verib.
Deputat bildirib ki, şadlıq evləri yalnız mərasim zallarına çevrilsə dərd yarıdır.
“Şadlıq evləri həm də Azərbaycan xalqının ən anormal, vəhşi bir həyat tərzini göstərən modelidir. Dünyanın heç bir yerində şadlıq evi yoxdur. Hətta Rusiyanın bir kəndində belə şadlıq evi tapa bilməzsən. Orada azərbaycanlılar şadlıq evi tikməsələr, başqa kim tikər ki... Nəyə lazımdır axı toylara bu qədər məsrəf qoymaq. Ona görə şadlıq evlərinin mərasim zallarına çevrilməsi xalqın faydasınadır”.
Fazil Mustafa təmtəraqlı yas mərasimlərinin yenidən dəbə minməsi ilə bağlı da fikirlərini bildirib.
“Dəbdəbəli yas mərasimlərinin keçirilməsi bizim milli adət-ənənəmizdir. Amma bu, mənasız bir ənənədir. İnsanların dinlə bağlı təsəvvürlərinin doğru olmamasından qaynaqlanan bir ənənədir. Ona görə də bu halları ortadan qaldırmaq hələ ki, mükün olmur. Cəmiyyətimiz şöhrətpərəst cəmiyyətdir. Hətta onun-bunun müqayisəsində özünün həyatını qurmuş cəmiyyətdir. Ona görə də bu cəmiyyətin yası da, toyu da belə olmalıdır . Çünki insan öz həyatının mənasını, özünə faydalı olanı bilmirsə, bunu qanunla bildirmək mümkün deyil”.