Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakı nəyin qarşılığında üç ermənini azad etdi? - DETALLAR ÜZƏ ÇIXDI

Bakı nəyin qarşılığında üç ermənini azad etdi? - DETALLAR ÜZƏ ÇIXDI

Azərbaycan tərəfi 10 noyabr razılaşmasından sonra əsir götürülən terrorçulardan üçünü azad edib: Robert Vardanyan, Samvel Şuxyan və Seyran Təhməzyan Rüstəm Muradovun təyyarəsində Ermənistana aparılır.

Bunu aprelin 8-də planlaşdırılan, lakin son anda baş tutmayan razılaşmanın indi yerinə yetirildiyi kimi qiymətləndirə bilərik. Həmin tarixdə Muradovun əliboş qayıtmasına İrəvanın Bakının şərtlərini yerinə yetirməkdən son anda imtina etməsinin səbəb olduğu ehtimalı var idi. Mümkündür ki, indi Bakı istəyini alıb.

1. Üç erməninin qarşılığında minalanmış ərazilərin xəritəsi, ən azından bir hissəsi verilir;
2. Erməni qoşunlarının çıxarılması (10 noyabr razılaşmasının 4-cü bəndi) prosesinə qarşılıq bu addım atılır;


Ən mühüm məqam üç diversantın Lavrovun bölgəyə səfərə başlamasından bir gün öncə (5-6 mayda İrəvanda, 10-11 may tarixində Bakıda olacaq) azad edilməsidir. Bu detal Bakının əsas istəyinin (4-cü bəndin icrası) yerinə yetirilməsi prosesinə hazırlıq getdiyi versiyasını önə çıxarır.

Lavrovun səfərinə Blinkenin Bakıya zəngi və ABŞ-ın bölgədə aktivləşməsi fonunda baxa bilərik:

1. Moskva İrəvan və Bakı ilə “saatları yoxlayır”, razılaşmaya sadiqliyi yerində dəqiqləşdirir;
2. Lavrov məhz erməni qoşunların çıxarılmasından, Ermənistanın Qarabağda hərbi varlığının başa çatmasından sonrakı dövrü müzakirə etmək üçün regiona gəlir: söhbət Xankəndinin taleyindən gedir;


Bakı yalnız 4-cü bəndin icrasına başlanandan sonra nələrisə müzakirə edə bilər və gözləniləndir ki, Lavrovun İrəvan və Bakı səfəri ilə bu prosesə start verilsin, yaxud konkret vaxt müəyyənləşdirilsin. Üç erməninin azad edilməsi də Bakının xoş niyyətini nümayiş etdirməsi, İrəvana “razılaşmalara əməl ediləcəksə, bu addımların davamı ola bilər” mesajının verilməsi, o cümlədən, Paşinyan hakimiyyətinə razılaşmalara əməl edə bilməsi üçün erməni ictimaiyyəti qarşısında əsas yaradılmasıdır.

Burada əsas məqam prosesin Lavrovun səfərindən bir gün öncə baş verməsidirsə, əsas sual Lavrovun çantasında nə gətirdiyidir?

Rusiya 4-cü bəndin icrasına paralel olaraq, separatçıların taleyini müəyyənləşdirən yeni “model” irəli sürə bilər: icmalar üzərindən idarəçilik və s.

Bakı bunu anlayır və Qarabağın Azərbaycanlı İcmasının ləğvi ilə adekvat manevrlər edir: bu, Qarabağdakı ermənilərin taleyinin necə olacağının Rusiyaya nümayiş etdirilməsi və yeni “model” imkanlarının qarşısının alınması gedişidir.

Azərbaycanın cari hədəfi Ermənistanın Qarabağdakı hərbi varlığının aradan qaldırılmasıdır, yalnız bundan sonra Xankəndinin idarəçiliyini müzakirə etmək mümkün olacaq. Lavrovun səfəri və nəticələri proseslərin inkişafını müəyyənləşdirəcək amildir.

Hərçənd, erməni terrorçulardan masada əlimizi gücləndirmək üçün istifadə edildiyini nəzərə alsaq, Bakının 3 erməninin qarşılığında nəsə aldığı da şübhəsizdir.
// Publika.az