Hər il 10 May tarixi gələrkən fərqli hisslər keçirirəm. Məhz bu gündə dünyaya gələn dahi və əvəzolunmaz şəxsiyyət Heydər Əliyevə olan sevgim bu tarixi mənim üçün sevdirib. Hələ uşaq yaşlarımda olarkən valideynlərimdən adını tez-tez eşitdiyim Heydər Əliyevin nə dərəcədə böyük şəxsiyyət olmasını zamanla özüm də anladım. Özümü şanslı insan hesab edirəm ki, Heydər Əliyev kimi xarizmatik və dahi şəxsiyyətlə eyni əsrdə yaşamışam və onu şəxsən görmüşəm.
Onun sovetlər dövründəki fəaliyyətini böyüklərimizdən eşitsəm də, 1993-cü ildən sonrakı fəaliyyətini canı olaraq izləmişəm. Yaxşı xatırlayıram, 1993-cü ildə atam həmişə televizorda Milli Məclisin gərgin keçən iclaslarını izləyir və sonra ailəmizdə, qonşular arasında müzakirələr başlayırdı. Qarabağda ermənilərin törətdikləri vəhşiliklər azmış kimi həmin vaxtlarda xalqımız parçalanmaq, müstəqilliyimizin isə itirilmək təhlükəsi altında idi. Dövlət hakimiyyətinin başında olan təsadüfi adamlar ölkəni elə bir vəziyyətə salmışdılar ki, heç kəs sabahımız barədə nikbin düşünə bilmirdi.
Yaxşı xatırlayıram, kəndimizdə olan toylarda tez-tez avtomat silahlardan havaya atəşlər açılardı. Başıpozuq dəstələr və ayrı-ayrı şəxslər özbaşınalıq edir, hər yerdə dərəbəylik və hakimiyyətsizlik hökm sürürdü. Tez-tez atamdan bu cümləni eşidirdim: “Bizi ancaq bu vəziyyətdən Heydər Əliyev xilas edə bilər”. Atamın Heydər Əliyevə və onun ailə üzvlərinə olan sevgisi o qədər çox idi ki, bunu sözlə ifadə etmək mümkün deyildi və bu sevgi mənə də keçmişdi. Təsadüfi deyil ki, bu sevgiyə görə atam qardaşımın adını İlham qoymuş, hətta vəsiyyətinə uyğun olaraq, qardaşım oğluna da Heydər adı verilmişdi.
Mən bu gün Heydər Əliyevin əməllərindən daha çox, onun xarakterində olan bəzi xüsusiyyətlərə toxunmaq istərdim. Heydər Əliyev mənim nəzərimdə çox qorxmaz və mərd insan idi. Dəfələrlə çıxışlarında qeyd edirdi ki, o, nə daxildəki, nə də xaricdəkli düşmənlərindən qorxmur. Əgər xatırlayırsınızsa, Surət Hüseynovun hakimiyyətə silah gücünə gəlmək üçün Gəncədə başlatdığı qiyam zamanı Heydər Əliyev heç bir şeydən qorxmayaraq Gəncəyə getdi. Halbuki orada onun həyatına fiziki cəhətdən son qoya bilərdilər. Həmin vaxt ölkədəki qardaş qırğınının qarşısını almaq üçün öz həyatını ortaya qoyan Heydər Əliyev Azərbaycanı nə qədər sevdiyini hamıya nümayiş etdirdi. Məhz o dərin zəkası, qorxmazlığı və müdrik siyasi gedişləri ilə dövləti dağılmaqdan, milləti isə parçalanmaqdan xilas etdi. “Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” deyən ulu öndər Heydər Əliyev, qısa müddətdə ölkədə milli həmrəyliyə və birliyə nail oldu. Həmin günlərdə Heydər Əliyevin hadisələrə yerində müdaxiləsi olmasa idi, dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlət mövcud olmayacaqdı. Heydər Əliyev o qədər geniş dünyagörüşünə, biliyə və təcrübəyə malik idi ki, ona qibtə etməmək mümkün deyildi. Təbdirlərdə dayanmadan saatlarca yorulmadan, ən əsası isə Azərbaycan dilində səlis çıxışları daim xalqın müzakirəsində olurdu. İstənilən ixtisas sahibi ilə söhbət edərkən onun necə bir fitri istedad sahibi olduğu bilinirdi.
Heydər Əliyev Azərbaycan xalqını dərindən sevirdi. Əgər xatırlayırsınızsa, çıxışlarının birində o, demişdi: “Əgər hansısa bir namərd gülləsi mənə tuşlanarsa, özüm də, balalarım da Azərbaycanın müstəqilliyi naminə qurban getməyə hazırıq”. Və yaxud, “Gülüstan” sarayındakı tədbir zamanı “Azərbaycan” şeirini deyərkən səsinin titrəməsi və gözündən axan yaş onu bizlərə necə sevdirə bilməzdi. Heydər Əliyev gəncliyindən başlayaraq yüksək vəzifələr tutmuş, daim çiyinlərində dövlətin yükünü daşımış, istirahət nə olduğunu bilməmişdir. Lakin buna baxmayaraq o, daim ailəsinə vaxt ayırmaqla övladları və nəvələri ilə vaxt keçirərək sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ata və mehriban baba olduğunu göstərmişdir. O, oğlunun və qızının gözündə ən yaxşı ata, nəvələrinin gözündə ən yaxşı baba, millətin gözündə isə ən yaxşı lider idi.
Təsadüfi deyil ki, Leyla Əliyeva “Elegiya” şeirində babasını bir dağa bənzətmişdir. Bəli, Heydər Əliyev doğrudan da küləklərin təsir edə bilməyəcəyi möhtəşəm bir zirvə idi. Uca zirvələr isə uzaqdan daha aydın görünür. İllər ötdükcə biz Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü və ucalığını daha dərindən anlayırıq. Heydər Əliyevin millətimiz qarşısında ən böyük xidmətlərindən biri İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra xalqımız üçün layiqli varis qoymasıdır. Ümummilli lider ömrünün son günlərində yazırdı: “Mən İlham Əliyevə özüm qədər inanıram”. O, İlham Əliyevin Azərbaycanı daha parlaq gələcəyə aparacağına əmin idi. Heydər Əliyev hər bir şeydə olduğu kimi, bu fikirlərində də tam haqlı çıxdı. İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdi.
İllər keçəcək, lakin Heydər Əliyevə olan sevgi heç bir zaman dəyişməyəcək. Çünki dahilər unudulmur, onlar daim xatırlanır və sevilir. Xalqımızın isə Heydər Əliyevə olan sevgisi sonsuz və əbədidir.