Ermənistanda bu gün keçirilən seçkidə mübarizənin əsasən Robert Koçaryanın “Ermənistan” (Hayastan) bloku və Nikol Paşinyanın Mülki Müqavilə Partiyası arasında gedəcəyi gözlənilir.
Axar.az xəbər verir ki, “Qallap”ın (Gallup) iki gün öncə açıqladığı son sorğunun nəticələrinə görə, Koçaryan blokunu dəstəkləyənlər 28,7%-ə qalxıb, Paşinyanı dəstəkləyənlər isə 25,2%-dir.
Müharibədən bir ay sonra keçirilən sorğuda cəmi 2 faiz civarında səsi olan Koçaryanın qısa müddətdə bu qədər güclənməsinin səbəbi Karapetyan, Vanetsyan da daxil olmaqla, bir çoxlarını öz ətrafında birləşdirməsi, o cümlədən Rusiyadakı diaspor və Rusiya hakim dairələrindəki bəlli dairələrin ciddi dəstəyidir. Əslində Koçaryanın ətrafında sözügedən şəxslərin birləşməsinin də Rusiyanın təsiri ilə baş verdiyi şübhəsizdir.
N.Paşinyan isə ənənəvi olaraq qərbyönlüləri təmsil edir və beləliklə, bugünkü seçki Ermənistanda qərbyönlülər və rusiyayönlülərin qarşılaşması kimi xarakterizə edilir.
Koçaryan “Qarabağ klanı”nı təmsil edir, təsadüfü deyil ki, onun İrəvanda keçirdiyi son mitinqdə iştirak edənlərin böyük əksəriyyəti Qarabağ erməniləri idi. Hətta o mitinqə hazırda Xankəndidə yaşayan ermənilərin də getdiyi (5 nəfər də mitinqə gedərkən qəzaya düşmüşdü) haqda səhih məlumatlar var. Ritorikasını revanşizm üzərində quran, mitinqində türkə nifrət püskürən Koçaryan Azərbaycana hansısa təhlükə kəsb edirmi?
Koçaryan bir neçə gün öncə tərəfdarları qarşısında çıxışında “Azərbaycanı qıcıqlandırmamağı” məsləhət görmüşdü. Eyni zamanda Ermənistanın hazırda Azərbaycana müqavimət göstərmək üçün heç bir imkanı – ordusu, iqtisadiyyatı, siyasi sabitliyi – olmadığını da qeyd etmişdi. Buna baxmayaraq, Koçaryan “iki il hazırlıq” vəd etmişdi. Onun sözlərinə görə, iki illik ordu quruculuğundan sonra Ermənistan Hadrut və Şuşanı geri tələb etmək gücündə olacaq.
Ancaq Koçaryan ənənəvi olaraq bir çox məqamı hesablamır: əvvəla, darmadağın olan erməni ordusunun bərpası üçün 2 il həddən artıq az müddətdir. İkincisi, Azərbaycan Koçaryana 2 il müddəti tanıyacaqmı? Oturub Ermənistanın toparlanmasını və qisas almasını gözləyəcəkmi?
Koçaryanın hakimiyyətə gəlişi Ermənistanın Qərb dəstəyinə də ciddi zərbə vuran faktora çevriləcək və demək, iqtisadi tənəzzülün yaxın illərdə qarşısının alınması ehtimalı sıfra enəcək. Bu isə Ermənistandan miqrasiyanı daha da sürətləndirəcək və revanşizm, indiyə qədər olduğu kimi, İrəvanı növbəti dalana doğru aparacaq. Bu halda hətta Rusiyanın erməni ordusunun bərpası üçün “hərbi hədiyyələri” də bir işə yaramayacaq. Ermənistan yenidən təcrid olunmanın acı nəticələrini isə növbəti dəfə yaşayacaq.
Koçaryanın hakimiyyətə gəlməsi Azərbaycanın aqressiyasını da artıracaq və 10 noyabr bəyanatının tələblərinin yerinə yetirilməsi üçün rəsmi Bakı bütün vasitələri dərhal işə salacaq. Bu sırada antiterror əməliyyatından tutmuş hərbi əməliyyatların aktivləşməsinə qədər, bütün variantlar gündəmdədir.
Koçarryanın qayıdışı Azərbaycanın ərazi bütövlüyünü daha sürətlə və ən sərt formada bərpası, sərhəd delimitasiya və demarkasiyasını tamamlaması, Zəngəzur dəhlizinin açılması üçün tələblərini güc müstəvisində göstərməsi deməkdir. Əvəzində isə Ermənistan heç bir istiqadi divident əldə edə bilməyəcək.
Bu baxımdan Koçaryanın hakimiyyətə qayıtması Azərbaycanın strateji baxımdan maraqları daxilindədir. Kommunikasiyaların bərpası, ərazi bütövlüyünün təmini fonunda Ermənistanın yenə təcrid vəziyyətində qalması və gələcəkdə hər hansı təhlükə kəsb etməməsi milli maraqlarımıza uyğundur.