Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərin arxa şüşələrinə müxtəlif məzmunlu şüarların yazılması ilə bağlı sürücülərə müraciət edib.
SHOWNEWS.AZ xəbər verir ki, idarədən verilən açıqlamada qeyd edilir ki, son vaxtlar avtomobil yollarında bəzi sürücülərin digər yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları yaxud fotolar vurma halları müşahidə olunur: “Bu da bəzən etik normalara zidd olmaqla bərabər, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir
Belə ki, nəqliyyat vasitələrinin arxa şüşələrində əks etdirilən bu cür faktlar avtomobillərin estetik görünüşünə xələl gətirməklə, insanlar arasında pis fikirlər formalaşdırmaqla yanaşı, hərəkətdə olan avtomobil sürücülərinin istər-istəməz marağını kəsb edir, fotolara baxmağa, yazılanları oxumağa çalışırlar ki, bu səbəbdən diqqətləri yoldan yayınır və nəticədə qarşıdakı nəqliyyat vasitəsinə, piyadaya və ya hər hansı maneəyə toxunaraq qəza törədirlər.
Baş Dövlət Yol Polisi İdarəsi bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildirilir ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcək”.