Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Demokrat.az-a müsahibə verib.
- Bu yaxınlarda Rusiya Dövlət Dumasının üzvü Vladimr Jirinovski yenidən Azərbaycanla bağlı sərsəm açıqlamalar verib. Onun fikirləri ilə tanışsınızmı?
- Bəli, tanışam. Bu, Jirinovskinin ilk belə açıqlaması deyil. Mənim nazir fəaliyyətim dövründə də onun bu cür çıxışları zamanı Rusiyaya bu ölkədəki səfirliyimiz vasitəsilə etiraz nota göndərirdik. Jirinovskinin mövqeyi bəllidir. Onun bu cür çıxışları əsas yerli auditoriya üçün nəzərdə tutulub. Onun imici belədir. İnanmıram ki, Jirinovskinin bu açıqlamaları nəyisə dəyişdirsin. Azərbaycanla Rusiya arasındakı yüksək əlaqələrə bu cür açıqlamalar ziyan vurmaz, çünki Jirinovskini hamı tanıyır. Moskvadakı siyasi elitada da o, yaxşı tanınır. Hər kəs bilir ki, onun çıxışları hər zaman belə sərtdir. Ona görə də, onun işlətdiyi ifadələrin nəyisə dəyişdirəcəyini düşünmürəm.
- Sizcə, Jirinovskinin bu cür sərsəm açıqlamalarını ciddiyə almaq lazımdırmı?
- Məncə, onun açıqlamalarına fikir vermək lazımdır, amma ciddi qəbul etməməliyik. Bəziləri iddia edir ki, güya Jirnovski Rusiya rəhbərliyini sözlərini çatdırır. Amma mən inanmıram ki, Jirinovskinin bu çıxışında Putinin fikirləri olsun. Əgər Jirinovskinin əvvəlki çıxışları öz yerini tutsaydı, təsdiqlənsəydi, indi belə fikirləşmək olardı.
Azərbaycan tərəfi onun çıxışı ilə bağlı öz mövqeyini bildirdi. Bildiyim qədər, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvadan Bakıya çağrılaraq təlimatlandırılıb, bu məsələyə səfirimiz də öz etirazını bildirib. Biz öz mövqeyimizi tam olaraq Rusiyaya çatdırmışıq. Birmənalı şəkildə reaksiya verməli, mövqe bildirməliyik. Diplomatiyada bu cür fikirlərə reaksiya verməmək həmin fikirləri qəbul etmək kimi dəyərləndirilir. Biz də öz mövqeyimizi bildirməklə cavabımızı vermiş olduq. Amma soruşsanız ki, bununla nəsə dəyişdimi, düşünmürəm.
- Türkiyədə baş verən yanğınlarla bağlı Azərbaycan qardaş ölkəyə dəstək göstərir, yardım qrupları göndərib. Bununla bağlı siz nə deyə bilərsiniz?
- Bizim cənab Çavuşoğlu ilə dostluq münasibətlərimiz var və bu gün də davam edir. Belə günlərdə Türkiyəyə yardım mütləq lazım idi. Cənab Prezidentin göstərişi ilə xeyli sayda texnika və canlı qüvvə Türkiyəyə göndərildi. Bu hadisələrdə qardaş Türkiyənin yanında olmalı idik. Azərbaycan Türkiyəni birmənalı şəkildə dəstəkləməli idi və Prezidentin tapşırığı əsasında bu, reallaşdı. Bu, çox böyük və qardaşlığa yaraşan addım oldu. Fürsətdən istifadə edib, qardaş Türkiyənin bu bəladan tezliklə xilas olmağını arzu edirəm.
- Zaman-zaman övladlarınız haqqınızda ermənilərlə qohumluğunuz barədə söhbətlər gündəmə gəlir. Hətta, övladınızın erməni əsilli xanımla evlənməsi kimi xəbərlər yayılıb. İstərdim ki, bu söz-söhbətlərlə bağlı dəqiq açıqlamanı öz dilinizdən eşidək. Oğlunuzun erməniəsilli xanımla ailə həyatı qurması doğrudurmu?
- Xeyr, bu əsla ola bilməz. Nə mənim ailəmin, nə də gəlinimin nə ana tərəfdən, nə də ata tərəfdən erməni ilə qan qohumluğu var, olmayıb da. Bunlar hamısı boş-boş söhbətlərdir. İndi ad qaralamaq istəyən adamlar çoxdur, niyə etmək istəyirlər bilmirəm, özləri bilərlər. Necə deyərlər, babalı onların boynuna. Ona görə də, bu məsələni heç şərh etmək belə istəmirəm.
- Bəs gəlininiz hansı millətin nümayəndəsidir?
- Övladımın həyat yoldaşının bir tərəfi italyan, bir tərəfi isə irlandiyalıdır. Qudalarım isə rəhmətə gediblər. Gəlinim çox yaxşı insandır, peşəkar həkimdir. Gəlinim oğlumla Amerikada universitetdə bir yerdə oxuyublar, elə orada tanış olub, evləniblər.