Qarabağ qan ağlayanda, şəhərlərimiz yandırılıb insanlarımız dağlananda şir harada idi?! Xocalı atəşlərə veriləndə, qız-gəlinlərimiz ismətlərini qorumaq naminə özlərini qayadan, uçurumdan atanda şir harada idi?! 10 milyonluq bir xalqın vətəni didilib parçalananda, gənc oğullarımız sinələrindən vurulub şəhid ediləndə, nəşləri üzərindən tanklar keçəndə şir harada idi?!
Qul haqqı tapdalananda, ermənilər bir milyon insanımızı yurd-yuvasından didərgin salanda, körpələrimiz əsir alınanda, səcdədəki möminlərimiz güllələnəndə şir harada idi?!
Məscidlərimiz talan ediləndə, minarələr dağıdılıb əzanlar susdurulanda şir harada idi?
Məscidlər donuzlarla murdarlananda, Quranlar yandırılanda, müqəddəs abidələrimiz yerləyeksan ediləndə şir harada idi?!
30 min ailəyə tabut gələndə, şəhid anaları qara geyinib yas tutanda, atalarımızın beli bükülüb ah çəkəndə şir harada idi?!
İsa bulağının gözü murdarlıqla tutulanda, Şuşa qalası matəmə bürünəndə, Laçın qayaları al-qana boyananda, Kəlbəcər talan edilib məhşər yaşayanda şir harada idi?!
Ağdamın qolları Həzrət Əbülfəzin qolları kimi doğrananda, Füzuli darmadağın ediləndə, yollar namərdcə kəsilib məsum insanlarımız əsir alınanda, hamilə qadınlarımızın qarnı yarılıb körpəsi süngüyə taxılanda şir harada idi?
Tariximizə, irsimizə, kimliyimizə, namusumuza həqarət ediləndə şir hansı zağada idi?
“Ədalət”, “imdad”, “yardım” deyib fəryad edən, ərşi titrədən dualarıyla Haqqa yalvaran Azərbaycan Xalqı naçar qalanda şir hansı mağarada idi?!
28 ildir erməni həbsxanalarında parça-parça çürüyən soydaşlarımızın naləsini eşidib özünü karlığa vuran şir harada idi?
Belə də şir olar?..
Artıq xəyanət ortaya çıxdı, xain bəlli oldu. Təcavüzkar Ermənistana gecə-gündüz yardım edən, məzarlıqlarımızı belə yox edən bir zehniyyətə neft, benzin, qaz və daha nələr verən bir düşüncə sahibi şir ola bilməz. Şir meşənin şahıdır, qarnı doyanda 20 saat yatar. Ancaq bizim “şir” isə illərdir küfrə, zalıma, qatilə – erməniyə xidmət edir.
İmam Əli (ə) buyurur: “Allah qulunun zahirinə baxar, daxilini görər”. Deyəsən, Rəbbimiz artıq bəzi simaların maskalarını sökür.
Biz bir millət olaraq əsrlərdir Allaha inanırıq, Onun yazısına, qədərinə riza göstəririk. Bu sarsılmaz inamımız, birliyimiz sayəsində illərdir körüklənən fitnə odunu cəmi 44 günə söndürdük. Qardaş ölkələr bizim yanımızda durdu. Sevincimizə sevinib, kədərimizə hüznləndilər...
Düşmənlərimizsə hələ də “hay nəsli”nə hayan durur, sinsi kimi “Xanın kəndi”nə gedir... Axı biz İmam Hüseyn (ə), Əhli-Beyti, Əshabı sevdik. Bu idimi İslam Ümmətindən hədiyyəmiz? “Şir hədiyyəsi”...
İndi Qafqazın dağlarına Azərbaycan aslanları hakimdi. Qarabağın vadilərində başqa “şir” peyda olarsa, ya qanı axar, ya da quyruğunu qısıb zağasına çəkilər. Böyük bir dini kiçik dünya mənfəətlərinə satanların yeziddən fərqi nədir? İstərsən özünə şir de, istərsən də başqa bir məxluqun adını! Nə fərqi var ki...
Əgər bir şir inad çuxurunda nərildəyirsə, qoy özü üçün guruldasın. Harada olursa-olsun Azərbaycanımızdan, Vətənimizdən, şəhidlərimizin qanı bahasına fəth etdiyimiz müqəddəs torpaqlarımızdan uzaq olsun. Möhtəşəm zəfərimizə həsəd edənlər bilməlidir ki, Zəngəzuru da, digər itirdiklərimizi də birər-birər söküb alacağıq, İnşallah! Allah Dövlətimizi, Vətənimizi, Millətimizi, Üçrəngli Bayrağımızı daim var etsin...
İlahiyyatçı Ağa Hacıbəyli