Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Prezident İranın yük maşınlarından danışdı - “Bizə qarşı hörmətsizlikdir”

Prezident İranın yük maşınlarından danışdı - “Bizə qarşı hörmətsizlikdir”

“İranın yük maşınlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi ilk dəfə deyil. Bu, işğal dövründə də dəfələrcə baş verən hadisədir”.

SHOWNEWS.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Anadolu” agentliyinə verdiyi müsahibəsində deyib.

“Bu yük maşınları müntəzəm şəkildə ora gedirdi. Bizim məlumatımız vardı. Əlbəttə ki, indiki kimi dəqiq məlumatımız yox idi. Bunu nəzərə alaraq, narazılığımızı müxtəlif kanallarla İran tərəfinə bildirirdik. Lakin bu müddət davam edirdi. Müharibə bitdikdən sonra artıq Laçın dəhlizi bizim gözümüzün önündədir. Hərbi mövqelərimizdən Xankəndinə gedən yola qədər olan məsafə bəlkə də 5-6 metr təşkil edir. Laçın dəhlizi boyunca, eləcə də Şuşa ətrafında və digər bölgələrdə kifayət qədər texniki imkanlara sahibik. Kameralar var. Peykdən, dronlardan istifadə edirik. Gördük ki, yük maşınları müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda Prezident Administrasiyasının işçilərinə İranın Azərbaycandakı səfiri ilə danışmaqla bağlı göstəriş verdim. Bunu rəsmi etmək istəmirik. Dostca danışsınlar və buna son qoymaq lazım gəldiyini desinlər. Bu bizə qarşı, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Buna son qoyulmalıdır”, - deyə İlham Əliyev qeyd edib.

 

“Bu söhbət səhv etmirəmsə iyul ayında oldu. Bundan sonra, əlbəttə ki, bu məsələni izləməyə başladıq və hər ayın əvvəlində nə qədər yük maşınının çıxdığını, neçə maşının girdiyini, nə gətirdiyini, nə götürdüyü barədə bizdə məlumat olur. Avtomobillərin nömrələrinə qədər bizdə bütün məlumatlar var. Bu mediada da işıqlandırıldı. Lakin onlar nə etdilər? İran yük maşınlarına erməni maşın nömrələri yapışdırmağa çalışdırlar. Belə bir saxtakarlığa da əl atdılar. Bizi aldatmağa çalışdılar. O qədər bacarıqsız bir iş gördülər ki, maşının üstündəki tankerdə farsca yazılar, aşağıda isə erməni nömrələri vardı. Onu da qeyd edim ki, eyni nömrələri bir neçə maşının üzərinə də yapışdırmışdılar. Bu iş çox nizamsız edilmişdi. Bu isə onu göstərir ki, bu işi davam etdirmək, lakin üstünü örtmək istəyirlər. Belə olduqda, bir aydan sonra biz artıq rəsmi üsulla diplomatik nota verdik, İranın Azərbaycandakı səfiri Xarici işlər Nazirliyinə dəvət edildi.

Şikayətlərimiz ona bildirildi və bu vəziyyətə son qoyulması xahiş edildi. Bu avqust ayının ortalarında baş verib. Buna son qoyulacağına ümid edirdik. Lakin, avqustun 11-dən sentyabrın 11-i arasında 60-a yaxın İran yük maşını qanunsuz şəkildə Qarabağa hərəkət etdi. Bunun qarşısını almaq üçün artıq praktik addımlara keçdik. Davranışlarımız və hərəkətlərimiz məsuliyyətə sahibdir və dostluq münasibətlərinə əsaslanır. İlk dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi qeyd, üçüncü dəfə yoxlama məntəqələri, gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq və bunun ardınca Qarabağa gedən yük maşınlarının sayı sıfıra endi. Məsələni bura qədər gətirmək lazım idi? Orada, rus sülhməramlılarının nəzarətindəki Qarabağ bölgəsində ümumi 25 min insan yaşayır. Bu bazar bu qədərmi önəmlidir? Bu ticarət dost və qardaş olaraq gördüyün ölkəyə açıqca hörmətsizlik edəcək qədərmi önəmlidir? 

Təbii ki, biz beynəlxalq konvensiyalar və beynəlxalq hüquqla müəyyən edilmiş bütün imkanlardan istifadə etmişik. Bəziləri deyir ki, sadəcə İran maşınlarından gömrük vergisi alırıq. Biz xarici ölkəyə getdikdə gömrük vergisi ödəyirik. Onlar da Azərbaycan torpaqlarından istifadə edirsə vergi ödəməlidir”, - deyə Prezident vurğulayıb.