"Azərbaycan müstəqil siyasət aparan ölkədir. Bunu hər kəs bilir və birinci il deyil ki, müstəqil siyasət aparırıq. Qonşularımızla, bütün başqa ölkələrlə müstəqil siyasət əsnasında münasibətlər qururuq. Heç kim bizim daxili işimizə qarışmasın".
Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
"Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir. Biz axı Ermənistan ilə sıx dostluq əlaqələri olan ölkələrə qarşı iddia qaldırmırıq. Görün, Ermənistanın nə qədər havadarı var. İkinci Qarabağ müharibəsi bunu göstərdi və bu gün, görün, Ermənistanı dəstəkləyən nə qədər ölkə var. Yəni, biz bu ölkələrlə düşmən olaq? Yox. Bu, ölkələrin suveren hüququnu biz qəbul edirik. Onların suveren işidir. Bəli, haradasa daxili aləmimizdə bundan narahat ola bilərik, bizi incidə bilər, xüsusilə yaxın olan ölkələr Ermənistanla münasibətlərdə xüsusi canfəşanlıq edəndə. Amma biz bunu heç vaxt dilə gətirmirik”, - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident deyib ki, biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq. Tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin: "Belə cəhdlər əvvəllər də olub, onların hamısı uğursuz olub. Bir daha demək istəyirəm, rəsmi qaydada bizə qarşı səsləndirilən ittihamlar sübuta yetirilməlidir. Gəlsinlər tapsınlar, bir xarici vətəndaş var bu bölgədə?”.