“Müharibə başa çatandan sonra bu gün artıq yeni reallıqlar yaranıb və bəziləri bu reallıqları həzm edə bilmirlər. Baxın, Azərbaycana qarşı yenə də təxribat və uydurma kampaniyasının yeni dalğası artıq başlamışdır”.
SHOWNEWS.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Cəbrayıldakı çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, bu, davam edəcək: “Biz buna hazır olmalı idik və hazır idik. Heç bir şey, hansısa məsələ Qarabağdan, torpaqlarımızın azad edilməsindən üstündə ola bilməz, heç bir məsələ bunu üstələyə bilməz. Bu gün biz artıq bu reallıqları qəbul etdirdik, kiminsə xoşuna gəlir, gəlmir, amma qəbul etdirdik. İndi isə bərpa işlərinə start veririk.
Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar. Bunu biz təmin edəcəyik”.