Siyasi səbəblərdən əvvəl qeyri-leqal gizli ticari maraqlara vurulan zərbə də İranın gərginliyini artıran amillər sırasındadır.
İran Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə bu ərazləri narkotik və silah trafiki üçün münbit platformaya çevirmişdi.
Bununla bağlı kompleks maddi dəlillər olmasa da, məntiq və mülahizələr belə deməyə əsas verir. Ancaq Azərbaycan dövləti işğal zamanı İran-Ermənistan işbirliyinin detallarını araşdırır.
Prezident İlham Əliyev Cəbrayılda səfərdə olarkən bunun anonsunu belə vermişdi:
“Biz 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizlədik. 130 kilometr Ermənistanın işğalı altında idi. O vaxt burada hansı proseslər gedirdi, onu gərək araşdırsınlar. Hansı əlaqələr var idi, bunu biz indi araşdırırıq”.
Hələ işğal periodunda Azərbaycan Daxili İşlər Nazirliyi məlumat açıqlamışdı ki, bölgədə mövcud olan vəziyyət, narkotik tərkibli bitkilərin becərilməsi və sonradan xaricə nəql edilməsi üçün çox faydalıdır.
İran-Ermənistan gizli işbirliyinin elementi olan bu amil Tehranı İrəvanla yaxınlaşdırır, Tehran isə bunun qarşılığını verirdi. İrəvana nəfəslik olmaqdan tutmuş, bölgədə separatizmi alovlandıran addımlara gedilməsinə qədər.
Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan təmizləməklə İranla 130 kilometrlik sərhədə nəzarəti də bərpa etdi. Bu, həm də, Tehranın qeyri-qanuni gəlirdən məhrumetmə aktı idi, ən azından son zamanlar gərginləşən Tehranın mövqeyindəki qəzəbli tonun “narkotik tərkibli” olduğunu duymaq olur.
Bu yaxınlarda Dövlət Sərhəd Xidmətinin sentyabr ayı üçün dövlət sərhədindəki təxribatlara dair yaydığı məlumatda bir cümlə də diqqət çəkir: İran İslam Respublikasından Cəbrayıl rayonunun Əmirvarlı kəndi istiqamətindən narkotik keçirilməsinin qarşısı alınıb.
Azərbaycan keçmişdə olanları unudaraq Tehrana əlini uzadır, amma qarşı tərəf gizli ticarətdən əldə etdiyi gəlirlərdən məhrum edildiyinə görə, uzadılan ələ adekvat münasibət sərgiləmir...
oxu.az