Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Noyabrda daha bir tarix yazıla bilər - sülh sazişi ilə bağlı gözləntilər...

Noyabrda daha bir tarix yazıla bilər - sülh sazişi ilə bağlı gözləntilər...

Noyabrın ilk 10 günlüyündə Moskvada Qarabağa dair üçtərəfli sülh sazişinin imzalanacağı gözlənir. İndiyədək bu görüşün olacağına dair xeyli məlumatlar, versiyalar səsləndirilib. Azərbaycan hökuməti bu versiyaları təkzib etməyib.

Bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc da ehtiyatlı şəkildə təsdiq elədi. Belə görüşün keçiriləcəyi, sülh sazişinin imzalanacağı haqda səsləndirilən fikirləri birmənalı təkzib etmədi.

Şərti olaraq adına "Putin planı” dediyimiz bu xəyali sənəddə nələr olacaq? Əsas müzakirə sərhədlərin SSRİ dövründəki vəziyyətə qaytarılmasıdır. Azərbaycan ictimaiyyəti buna etiraz edir. Təklif var ki, sərhədlər sovet Azərbaycanının yox, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün zamanındakı kimi olsun.

YAP-çı deputat Hikmət Babaoğlunun bu barədə fikirləri diqqət çəkir: "Əvvəla, qeyd etmək lazımdır ki, Ermənistanı sərhədlərin delimitasiya və demarkasiya prosesinə cəlb etməyin özü bir diplomatik uğurdur. Ona görə ki, ermənilər həm etibarsız tərəfdaş, həm də xaricdən diktə edilən çoxsaylı mövqelərlə hesablaşmağa meyllidirlər. Çünki faşist Ermənistan üzərində əldə etdiyimiz tarixi zəfərimizin nəticələri ilə barışmaq istəməyən çox böyük dövlətlər və güc mərkəzləri var. Əgər buraya islamafob mərkəzi və dünya erməniliyini də əlavə etsək, nə qədər böyük qüvvələrlə üz-üzə olduğumuzu görərik. Belə bir şəraitdə Azərbaycanın prosesin gedişini diktə etməsi ”Dəmir yumruq"un  gücünün və qətiyyətinin göstəricisidir. Delimitasiya və demarkasiyanın hansı xəritə əsasında aparılmalı olduğuna gəldikdə isə bildirməliyəm ki, işçi qrupa bizim tərəfdən geodeziya və topoqrafiya üzrə çox yüksək səviyyəli mütəxəssislərimiz cəlb olunub.

Hikmət Babaoğlu: "Hansı xəritəyə istinad ediləcəyi daha çox siyasi qərar olacaq”

Ancaq hansı xəritəyə istinad ediləcəyi daha çox siyasi qərar olacaq və burada çox güman ki, mütəxəssislərin də rəyi nəzərə alınacaq. Şübhəsiz ki, Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisi elan edib və çox ədalətli olar ki, delimitasiya da elə Xalq Cümhuriyyətindən bizə miras qalan sərhədlər üzrə aparılsın. Çünki Ermənistan dövləti yarananda Azərbaycan Xalq Cümhuriyyəti ermənilərə, sadəcə, 9 min kv.km ərazimizi verib. Bizim ərazimiz isə 114 min kv.km olub. Sovet xəritələri isə tamamilə fərqlidir və bizim ərazimiz 86 min kv.km dən bir qədər çoxdur. Ona görə də, əlbəttə, AXC sərhədləri əsas götürülməklə delimitasiya hüquqi baxımdan doğru, tarixi baxımdan tam ədalətli olar. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra BMT tərəfindən Sovet Azərbaycanı sərhədləri içərisində tanınıb".

Müxalifət proses haqda bilgilidirmi? Dövlətin imzalayacağı sənəddə nələrin olduğunu bilirmi? Bilməlidirmi? Bu haqda dövlətin aidiyyəti qurumlarına sorğu göndəribmi?

AĞ Partiya başqanı Tural Abbaslı təəssüfləndiyini dilə gətirdi: "Söz-söhbətlər gəzir ki, yaxın günlərdə sülh müqaviləsi imzalanacaq. Amma təəssüf ki, ortada konkret bir şey yoxdur. Bizim rus və erməni mediasında zaman-zaman gedən bəzi məlumatlarda olan detallardan xəbərimiz var. Təəssüflə qeyd etməliyik ki, bununla bağlı Azərbaycan hökuməti nə ictimaiyyətlə, nə də müxalifətlə fikir mübadiləsi aparmır. Biz dəfələrlə təklif etmişik ki, belə taleyüklü qərarların verilmə anında ən azından qapalı formada siyasi partiyalarla, ictimai xadimlərlə məsləhətləşmələr olsun. Məlumat xarakterli görüşlər olmalıdır ki, nədən söhbət getdiyini, hansı detalların, şərtlərin olduğunu bilək.

Tural Abbaslı: "Qarşıdakı bir həftədə bir çox məsələlərə aydınlıq gələcək”

Bizim və qarşı tərəfin mövqeyinin nə olduğunu bilməyimiz vacib olardı. Səhəri gün eyni siyasi xətti partiyalar yürüdə bilər. İstənilən halda gedən danışıqlar barədə məlumatlı olmağa çalışırıq. Bunun üçün də mətbuatı, internet aləmini diqqətlə izləyirik. Hər halda, qarşıdakı bir həftədə bir çox məsələlərə aydınlıq gələcək. Müqavilənin 8-9 noyabr tarixlərindən birində imzalanacağı barədə iddialar var. Gözləyək”.

Fuad Əliyev: "Əgər bu görüş baş tutsa, iki sənəd imzalana bilər”

ALDP rəhbəri Fuad Əliyev də proseslərdən məlumatsız olduğunu qeyd etdi: "Müxalifət və ümumillikdə cəmiyyətin şərti olaraq deyilən ”Putin planı"ndan xəbəri yoxdur. Biz bir şey bilirik ki, sərhədlərin demarkasiya və delimitasiyası 1920-ci ilin xəritələri əsasında olacaq. Bunu da Putin Valday klubunun tədbirində səsləndirmişdi. Amma yaxın günlərdə gözlənilən görüşdə sülh sazişinin bağlanması haqqında bir dəqiq məlumat yoxdur. Mənim fikrimcə, əgər bu görüş baş tutsa, bu iki məsələ ilə bağlı yeni sənədlər imzalanacaq: Sərhədlərin delimitasiya və demarkasiya sənədi və 2021-ci il 11 yanvarda imzalanan kommunikasiyaların açılması ilə bağlı yeni sənəd. Təəssüf ki, bizim ictimaiyyətimiz bu tipli xəbərlərlə Rusiya və yaxud erməni mətbuatından tanış olur. Yaxşı olardı ki, ən azından müxalifət partiyaların xəbəri olsun və iqtidar-müxalifət dialoq çərçivəsində müzakirə etməyə imkanı olsun. Sərhədlərin Sovet Azərbaycanın yox, ADR vaxtında əsas götürülməsinə gəlincə, bu hal bizim Gürcüstan və Rusiya ilə müəyyən sərhəd problemlərinə gətirib çıxara bilər.

Tarixdən də məlumdur ki, 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra sovet Rusiyasının yeritdiyi ayrı-seçkilik siyasəti nəticəsində Azərbaycanın əraziləri  azaldıldı. Yeni yaradılan Azərbaycan Sovet Sosialist Respublikasının sərhədləri 86,6 min kv. km müəyyən edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin 27,2 min kv.km-i Azərbaycan xalqının əlindən alındı. Misal üçün, Borçalı mahalı. Fikrimcə, biz bir problemi həll etmək əvəzinə, əlavə problemlər qazanacağıq".

Musavat.com