Şuşada əsgərlərimizə qumbara atan Norayr Mirzoyanın hazırda Xankəndi yaxınlığında sülhməramlıların qərargahında olduğu bildirilib.
SHOWNEWS.AZ xəbər verir ki, onun Azərbaycan yoxsa Ermənistan tərəfinə təhvil veriləcəyi yaxın saatlarda məlum olacaq.
Erməni mətbuatının yazdığına görə, 1975-ci il təvəllüdlü terrorçu Norayr Mirzoyan bir neçə saatdan sonra Ermənistana təhvil veriləcək.
Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Şuşa şəhəri yaxınlığında erməni terrorçunun Azərbaycan və Rusiya sülhməramlılarının olduğu posta qumbara atması ilə bağlı birgə açıqlama yayıb. Açıqlamada deyilir ki, Norayr Mirozyana qarşı Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başladılıb.