Azərbaycanın Ermənistanı kapitulyasiyaya məcbur edəndən sonra qələbəni rəsmiləşdirməyə başlaması, bunu müttəfiq və tərəfdaşları ilə - proqnozlaşdırılan partnyor kimi davranaraq etməsi Bakının gələcəyə hesablanmış strateji kursunun müham tərkib hissəsidir.
Məsələn, sosial şəbəkələrdə antirusiya pressinqi tətbiq edənlərin emosianal davranışlarına rəğmən biz Bakıda Rusiya Ekspert Şurasının yaradılmasını izlədik. Vacib gedişdir. Çünki rus dilini bilmək hələ Rusiya dilini də bilmək deyil. Bu baxımdan bu şuranın formalaşdıracağı yüksək keyfiyyətli ekspertlərin faydası çox olacaq.
Amma əsgərin işi döyüşməkdir və bizim bu saat xırdaladığımız siyasi məsələlər onun umurunda deyil. O döyüşməyi, hətta şəhid olmağın özünü belə cari fəaliyyətinin bir parçası hesab edir.
Noyabr ayının 26-da düz otuz il olacaq ki, televiziyada çalışıram. Amma ilk dəfə idi ki, belə sözlər eşidirdim. Döyüşçülərdən biri mənə çox asta səslə, səmimi tərzdə bilirsiz nə dedi. Dedi ki, Mirşahin müəlim, burda nə var axı, bir az şişirdirsiz e... Əsgər şəhid olar da. Bu bizim işimizdir.
Deməli, artıq yenilməz əsgər, yenilməz döyüşçü təfəkkürü tam formalaşıb. Amma bir incə məsələ də var. “Burda nə var axı, bir az şişirdirsiz e... Əsgər şəhid olar da. Bu bizim işimizdir” - demək yalnız əsgəri, yalnız döyüşçünü ucaldır - yalnız onu Allahın mərtəbəsinə qaldırır. Bu cümləni hansısa etinasız məmur deyərsə, o təkcə etinasız yox, həm də vicdansızdır! Və “Şəhid olmaq bizim işimizdir!” deyən döyüşçü başqa bir sözü ilə sosial şəbəkələrdə məkrli niyyətə qulluq edənlərə, şəhidləri kasıb-varlı qradasiyasına qoyanlara da cavab vermiş oldu. Mən öz namusumu, öz ailəmin namusunu, öz vətənimin namusunu qoruyuram.
Namusun kasıbı, varlısı olmur!