"Rayonda iş yerləri yoxdur deyə hamı köçüb Bakıya gəlir. Burada biz qanunları gurultulu şəkildə qəbul edirik. Amma faktiki olaraq işsizlik var ölkədə. Bundan əlavə, qanunda özünəməşğul ifadəsi işlədilir. Bu adam nə işlə məşğul olur ki, özünə məşğul sayılır? Bu terminlərə fikri vermək lazımdır."
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.
Parlament sədri Sahibə Qafarova isə deputata belə cavab verib: "Hər bir deputat öz fikrini ifadə edə bilir. Siz elə dediniz ki, elə bil hər yer dağılıb. Necə yəni ortada bir şey yoxdur? Ölkədə bu qədər işlər görülür. Bu boyda işlərdən sonra demək olarmı ki, heç nə yoxdur. Mən indiyə kimi özümə icazə verməmişəm ki, kiminsə sözünü təhrif edim. Buna mənim tərbiyəm də imkan verməz. Nə eşitdimsə, ona da reaksiya verdim. Bura heç kim elə- belə yığışmayıb. Hamısı seçilmiş insanlardır. Xahiş edirəm sözlərinizə sərhəd qoyun."