"Brüsseldə razılaşqdıq ki, Yerasx-Culfa-Meğri-Horadiz marşrutu üzrə dəmiyol xəttinin fəaliyyətim bərpa olunsun. Razılaşma Ermənistan, Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinlərin həmsədr olduqları üçtərəfli işçi qrupun işi nəticəsində əldə olunub".
Milli.Az bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvanda hökumətin iclasında belə deyib. Onun sözlərinə görə, üçtərəfli işçi qrupun əldə etdiyi nəticə noyabrın 26-da Rusiyanın Soçi şəhərində keçirilmiş görüşdə, daha sonra isə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşdə yekun olaraq təsdiqlənib.
"Dəmiryolu qarşılıqlı razılaşma əsasında sərhəd və gömrük nəzarəti olmaqla fəaliyyət göstərəcək. Əgər Türkiyə ilə konstruktiv dialoqa nail olsaq, bu layihə çox geniş və böyük miqyaslı ola bilər. Çünki yolun əksər hissəsi artıq var. Gümrüdən Türkiyəyə də dəmiryol xətti mövcuddur", - N.Paşinyan deyib.
Nikol Paşinyan yenə həqiqətə uyğun olmayan açıqlama verib, yəni yalan danışıb.
Çünki nə üçtərəfli işçi komissiyanın əldə etdiyi sonucda, nə Soçi görüşündə, nə də Brüsseldə aparılmış müzakirələrlə danışıqlarda Zəngəzur dəhlizində Ermənistanın sərhəd və gömrük nəzarət-buraxılış məntəqələri, ya postları qoyacağı ilə bağlı hansısa "razılaşma" olmayıb.
Tam əksinə, rəsmi Bakı mövqeyində qalıb.
Azərbaycan prezidenti "El Pais"ə verdiyi müsahibəsində deyib: "Biz sərhədləri açmaq istəyirik. Bu vaxta kimi Azərbaycanın, Ermənistanın və Rusiyanın Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində bir neçə dəfə danışıqlar baş tutub. Bu işçi qrupunun əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Danışıqların bir neçə mərhələsi nisbətən uğurlu olub. İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var və biz Ermənistan sərhədi istiqamətində azad edilmiş ərazilərdə sökülmüş dəmir yolu xəttini tikməyə başlamışıq. Eyni zamanda, əvvəlki aylarda Ermənistan avtomobil yolunun açılmasına etiraz edirdi, lakin indi biz onları bunun qaçılmaz olduğuna inandıra bilmişik və onlar da bununla razılaşır. Beləliklə, anlaşma var. İndi biz bu dəhlizlərin, Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimini müzakirə edirik. Burada bizim hələ də açıq qalan müəyyən məsələlərimiz var. Lakin hesab edirəm ki, hər iki ölkə bunun baş verməli olduğunu qəbul edir və yeri gəlmişkən, keçən ay Soçidə Prezident Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş zamanı biz kommunikasiyaların açılmasından açıq şəkildə bəhs edən bəyannaməni qəbul etdik".
NATO-nun mənzil-qərargahında Alyansın Baş katibi Yens Stoltenberq ilə birgə keçirilən mətbuat konfransında isə dövlətimizin başçısı demişdi:
"Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində gömrüyün olması".