Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Onsuzda nə qədər adam xaricə qumar oynamaq üçün gedir...” – Daha bir deputatdan kazino AÇIQLAMASI

“Onsuzda nə qədər adam xaricə qumar oynamaq üçün gedir...” – Daha bir deputatdan kazino AÇIQLAMASI

Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında "Turizm haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Azərbaycanda kazinoların açılması ilə bağlı təklif irəli sürüb.

Deputat təklif edib ki, kazinoların Azərbaycanda açılmasına icazə verilsin: "Rusiyada bu müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik”.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan deputat Razi Nurullayev həmkarının sözügedən təklifini normal qiymətləndirdiyini söyləyib:

"Qarabağ, Zəngəzur ərazisində deyə bilmərəm, amma ümumilikdə bu məsələ ilə bağlı fikrim müsbətdir. Onsuzda Azərbaycanda xeyli qumar, mərc oyunları oynayanlar var. Onlar Türkiyəyə, Qırğızıstana gedib öz pullarını orada xərcləyirlər. Bu da ölkəmizdən pul axınına səbəb olur. Həm də o ölkələrdə iş yerləri yaradılır. Biz o pulları öz ölkəmizdə saxlaya bilərik. Bu həm də yeni iş yerlərinin açılması deməkdir”.

R.Nurullayev dünyanın bir çox inkişaf etmiş və inkişafda olan ölkələrində kazinoların paytaxtdan kənar yerlərdə açıldığını və bununla da turizm potensialının artdığını bildirib:

"Əgər qərar qəbul edilsə, paytaxt Bakıda buna icazə verilməli deyil. İstənilən bir rayonda və ya şəhərdə icazə verilə bilər. Məsələn, lap Kürdəmirdə ola bilər. Həmin rayonun bir neçə il ərzində böyük bir gözəl şəhərə çevrildiyini görəcəyik. Çində qumarla bağlı ayrıca şəhər salıblar. İnsanlar ora axın edir. Başqa yerdə oynamağa icazə yoxdur, ancaq həmin şəhərdə oyunlar oynanılır. Bizdə də belə ola bilər”.