Bu ayın əvvəlindən etibarən İrana bağlı şəbəkələr, qüvvələr aktiv şəkildə istər ölkə daxilində, istərsə də ölkə kənarından Azərbaycana qarşı fəaliyyəti, kampaniyanı gücləndiriblər. Ona görə də son günlər Tale Bağırzadə ətrafında baş verənlərə məhz bu konteksdən baxmaq, analiz etmək lazımdır.
“Qafqazinfo” xəbər verir ki, maraqlı nüans isə ondan ibarətdir ki, bu dəfə İrana bağlı qüvvələr Bakı, İranın müxtəlif şəhərləri ilə yanaşı, hətta, Türkiyədə də Azərbaycana qarşı müxtəlif aksiyalara əl atıblar. Bu ilk başda qəribə gələ bilər, lakin Türkiyənin də bu siyahıda olması heç təsadüf deyil. Biz tez-tez Türkiyədə İranın casus şəbəkəsi üzvlərinin ifşa olunmasına dair mediada məlumatların yayılmasının şahidi oluruq. Bir neçə gün əvvəl də Türkiyədə İsrail vətəndaşlarına qarşı terror hazırlayan 5 İran vətəndaşı yaxalanmasına dair məlumatlar dərc olundu.
İran Türkiyədə də, Azərbaycanda da eyni metoddan istifadə edir. Belə ki, yerli vətəndaşların cəlb olunduğu casus şəbəkələri yaradılır və onlardan lazımı vaxt gəldikdə müəyyən məqsədlər üçün istifadə edilir. Təsadüfi deyil ki, İranın Azərbaycandakı şəbəkəsi öz təsir dairəsini genişləndirmək, ictimaiyyətin həssas zümrələrinin daxilinə siraət etmək, onları hakimiyyətə qarşı yönəltmək və ümumilikdə Azərbaycanı qarşıdurma meydanına çevirmək istiqamətində iş aparır. Vətən Müharibəsindən sonra baş verənlərə diqqət yetirsək görərik ki, qısa müddətdə İranın maliyəsi ilə “Bakı Birlik Təşkilatı” tipli qurumlar təsis edildi. Hətta müharibə qazilərini etiraz prosesinə qoşmaq cəhdləri də oldu. İranın “dini təəssübkeşlik”lə bağlı addımları riyakarlıqdan başqa bir şey deyil. Çünki 30 il Azərbaycan ərazilərini işğalda saxlayana Ermənistanla münasibətlərdə bu “təəssübkeşlik” heç yada düşmədi.
44 günlük müharibədən sonra Ermənistanın kommunikasiyaların açılmasına dair öhdəliyindən boyun qaçırmasına da İranın açıq dəstəyi öz təsirini göstərir. Ermənistan ərazisindən keçəcək dəhlizlərə yanaşmada “ərazi bütövlüyü bizim üçün qırmızı xətdir” deyən İran 30 ilə yaxın Azərbaycan ərazilərinin işğalı zamanı bu “qırmızı xətt” haqqında danışmadı, Ermənistan Qarabağda məscidləri təhqir edəndə, dağıdanda da İran susdu. Bütün bunlar onu bir daha göstərir ki, İranın Azərbaycandakı təxribatçılarının dinlə əlaqəsi yoxdur, onlar inanclı kəsimdən öz məqsədləri üçün istifadə edirlər, Azərbaycanda dini ayrı-seçkilik, məzhəbçilik yaymağa çalışırlar. Lakin anlamaq lazımdır ki, İslam dininin siyasiləşdirilməsi, din pərdəsi altında gizlənilməsi, dinin məzhəb siyasəti səviyyəsinə endirilməsi, bu faktordan Azərbaycana təzyiq üçün istifadə olunması yolverilməzdir.
T.Bağırzadənin “aclıq aksiyası”nı dayandırması göstərir ki, vaxtilə Nardaranda qarşıdurma yaratmaq cəhdinin qarşısının alındığı kimi, bu gün qonşu İrandan gələn növbəti dalğa da nəticəsiz, səmərəsiz qaldı. Azərbaycan istənilən xarici ölkə qüvvələrinin onun öz daxili işlərinə qarışmaq cəhdlərinin qarşısını alıb və bundan sonra da qətiyyətlə alacaq.