"Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir".
Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
Dövlət başçısının sözlərinə görə, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur.