Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Şəhidlərimizin canı, qanı bahasına bu torpaqlardayıq"

"Şəhidlərimizin canı, qanı bahasına bu torpaqlardayıq"

“Laçın rayonunun və Laçın şəhərinin işğaldan azad edilməsi, bir daha demək istəyirəm ki, tarixi hadisədir. Bizim bütün şanlı Vətən müharibəmiz şanlı tariximizdir. Ancaq xüsusi strateji əhəmiyyətini, çətin relyefi, ağır, soyuq iqlimi nəzərə alsaq, Laçın və Kəlbəcər rayonlarının azad edilməsi xüsusi əhəmiyyət kəsb edir”.

Bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib.

 

“Laçın və Kəlbəcər rayonları 1990-cı illərin əvvəllərində işğal edilərkən faktiki olaraq Ermənistanla Qarabağ arasında coğrafi bağlantı yaradılmışdı. Laçın rayonu 1992-ci il mayın 18-də, Kəlbəcər rayonu 1993-cü il aprelin əvvəlində işğal altına düşmüşdü və beləliklə, ermənilər öz arzularına çatmışdılar. Onlar hesab edirdilər ki, bu torpaqlarda əbədi yaşayacaqlar. Hesab edirdilər ki, buna nail olacaqlar. Görürdülər ki, onlara himayədarlıq edən bir neçə ölkə, onların cinayətlərinə göz yuman, bu məsələlərlə bilavasitə məşğul olan təşkilat buna biganə qaldı. Sanki onlara bəraət qazandırırdılar və daha da azğınlaşırdılar. İşğalın ilkin mərhələsində bizim bütün yaşayış məntəqələrimizi dağıtmışdılar. Ancaq sonra hiss etdilər ki, artıq bunların cinayəti cəzasız qalır, burada qanunsuz inşaat işlərinə başladılar, o cümlədən Laçın şəhərində, o cümlədən Zabux və Sus kəndlərində”- deyə dövlət başçısı bildirib.

Prezident qeyd edib:

“Onu da bildirməliyəm ki, 26 avqust tarixində Laçın şəhəri ilə birlikdə Zabux və Sus kəndləri də işğalçılardan azad edilmişdir. Yəni, bütün bu tarixi biz heç vaxt unutmamalıyıq. Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq. Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər. Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik. Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu. Bu gün Laçın şəhərində olarkən haqlı olaraq qürur hissi keçirirəm ki, qədim Azərbaycan torpağında bizim üçrəngli Bayrağımız dalğalanır”.