"Ailə qurandan sonra çiyinlərimdə məsuliyyət oldu. Əslində çox çətin oldu. Diqqətli olmağa başladım, oğlum Can doğulandan sonra bu məsuliyyətim lap artdı. Deyirdilər, sən atasan. Ailəni sənətlə bərabər idarə etmək asan bir şey deyil. Pop ifaçısı üçün bu daha çətindir. Muğam oxuyanlara isə asandır".
Bu sözləri müğənni Elçin Cəfərov "Düzünə qalsa" verilişində deyib. Ailəsindən danışan sənətçi evlənəndən sonra dəyişdiyini bildirib:
"Məmur ailəsi ilə qohum oldum. Qulağım o qədər cingildədi, o qədər qeybət eşitdim ki... Onlara cavab vermirəm, məqamını gözləyirəm. Mənə yapışmırsa, dəyib yerə düşürsə, nədir problem? Qoy, dözüm".
Elçin son günlər gündəmdən düşməyən "bayağı mahnı" ifadəsindən bəhs edib:
"Əslində bayağı bir şey yoxdur, onu qəbul edə bilmirəm. Musiqi notlardan ibarətdir, yazılış şəkli var, o necə pis ola bilər? Bayağı ifaçı, aranjimançı, məsuliyyətsiz işçilər ola bilər, musiqi yox. Bir sözlə, işin keyfiyyətindən qaçan insanlara bayağı demək olar. Bütün bunlar 1 il əvvələ kimi məni küsdürdü, sonra da başa düşdüm ki, bu bizim işimiz deyil. Kimsə hansısa işi görüb, ondan çörək qazanırsa, qoy olsun, bu onun ruzisidir. Ona qarışmaq olmaz".
İfaçı sənətinə fasilə verməsinin səbəbini açıqlayıb:
"Bəlkə də tamaşaçıdan deyil, elə özümdən küsmüşdüm. Bizim nəsil sənətçilər ara verdik, geri çəkildik. Biz qalıb davam etsəydik, belə olmazdı. Düşünürəm ki, onlara bir yol açdıq. İstedadı olan adamlar özgüvəni olur deyə, onlar az işləyirlər. Deyir, mən unudulmayacağam. Amma istedadı az olan kəslər o əskikliyi özündə görüb, onu işləməklə tamamlayırlar".
Qeyd edək ki, Elçin Xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurub. Cütlüyün Can adlı övladı var.