Azərbaycanı "Avroviziya 2023"də təmsil edən Tural və Turan Bağmanov qardaşlarının ötən gün müsabiqənin açılış mərasimindəki tərzi tənqid edilib.
Axşam.az xəbər verir ki, əkizlərin saç düzümü, makiyajı və geyimləri izləyicilərin əksəriyyəti tərəfindən bəyənilməyib. Təmsilçilərimizin firuzəyi xalça üzərindən sosial şəbəkədə yayılan görüntülər tənqid, hətta bir çox istifadəçilər tərəfindən təhqir edilib. Bir çoxlarını isə bu tərzin müəllifinin kim olduğu maraqlandırıb.
Turan və Turalın qalmaqallı görünüşü üzərində Fuad Hacıyev və Niko Lab çalışıb. Geyimin müəllifi isə dizayner Aysel Sadıqovadır.
"Avroviziya"da Azərbaycan nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova Axşam.az-a açıqlamasında bununla bağlı sualları cavablandırıb. O bildirib ki, Tural və Turanın səhnə geyimi fərqlidir:
"Bunu rəsmi açıqlama kimi yox, şərhləndirmə məqsədi ilə deyirəm. İlk öncə qeyd etmək istərdim ki, həmin geyimlər səhnə deyil, firuzəyi xalıya, yəni müsabiqənin açılış mərasiminə geyinilib. Mahnımızı və səhnə obrazını tamamlayan, birinci rəsmi məşqdən sonra ictimaiyyətə təqdim olnunan səhnə paltarları isə dəyişilməz olaraq qalıb.
"Avroviziya" incəsənət tədbiri olduğundan, burada geyinilən geyim də özünə görə incəsənətdir və obraz kimi qəbul olunmalıdır (olunur da). Təmsilçilərimizin həm səhnə geyimi, həm xalıdakı geyimləri bizim Azərbaycanlı dizayner tərəfindən yaradılıb, bunu biz burada fəxrlə qeyd edirik. "Avroviziya"da bu il Azərbaycan təmsilçilərini qeyri-rəsmi olaraq ən zövqlü iştirakçılar adlandırırlar. Təbii ki, hər kəsin şəxsi fikrini deməyə haqqı var, amma diqqət yetirsəniz, geyim açıq-saçıq deyil. Müsabiqə çərçivəsində, beynəlxalq ictimaiyyət tərəfindən bizim builki obrazlar böyük maraq və müsbət şərhlərlə qarşılanır.
Əlavə edim ki, təmsilçilərimiz öz geyimlərindən razıdırlar. Bildiyiniz kimi, bu günlərdə müsabiqənin ən vacib anlarını yaşayırıq, təmsilçilərimizə geyimə görə tənqid yox, hərtərəfli dəstək və müsbət enerji lazımdır. Ümid edirəm ki, həmvətənlərimiz "Avroviziya"nın incəsənət tədbiri olduğunu yaddan çıxarmayacaqlar".
Qeyd edək ki, qardaşlar "Tell me more" mahnısı ilə Liverpul şəhərində çıxış edəcəklər. Əkizlər mayın 9-da 1-ci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Müsabiqə İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.