Xəbər verdiyimiz kimi, "Avroviziya 2023" təmsilçilərimiz Tural və Turan Bağmanov qardaşları yarışmanın finalına vəsiqə qazana bilməyib.
Əkizlər APA-ya müsahibəsində final mərhələsinə keçə bilməsələr də, müsabiqənin onlara böyük təcrübə qatdığını deyiblər:
“O qədər insanın qarşısında çıxış etmək, onların enerjisini hiss etmək çox gözəl hisslər idi. Seçilməsək də mən yenə də xoşbəxtəm, çox gözəl təcrübə yaşadım. Buna görə minnətdaram. “Avroviziya”, bu hekayə, bu təcrübələr bizə çox şey qatdı. Biz qazandığımızı qazandıq”.
Əkizlər mahnı müsabiqəsinin açılış mərasimində geyindikləri geyim tərzinə görə edilən tənqidlərə də münasibət bildiriblər:
“Tənqid olunmaqdan narahat deyilik. Musiqiçi olan insan, incəsənət insanı buna dözməlidir, kimsə sənə yaxşı da desə, pis də desə. Sən mental olaraq hazır olmalısan, bu sənə təsir etməməlidir. Tezbazar qırılsan olmaz.
Geyim haqqında onu demək istəyirik ki, biz geyimimizi sevirik. Bizim tənqid edilən o geyimlərimizi biz çox sevə-sevə geyindik. Saçımdan makiyajıma kimi o geyimi mən sevirəm, xoşlayıram. Bu incəsənətdir, geyim də musiqi kimi bir şeydir. Əgər sən o tərzi sevmirsənsə, deməli o sadəcə sənin tərzin deyil. Bu sadəcə olaraq bir obrazdır. Sabah, birisi gün kovboy kimi də geyinə bilərəm. Bu o demək deyil ki, mən Texasdayam, at sürürəm".
Qardaşlar növbəti dəfə “Avroviziya” müsabiqəsinə qatılmaq arzusunda olmadıqlarını da qeyd ediblər:
“Bir dəfə bunu təcrübə etdik, bizə bəsdir. Bəlkə gələcəkdə fikirləşərik. Maraqlı ola bilər yenidən qatılsaq. Ancaq fikirləşirik ki, hələ ki, bir dəfə bəsdir”.