"Alyona ilə tanış olanda onun bir övladı var idi. Onun oğlu 16 yaşındadır. Mənim və onun övladlarımız yaxşı ünsiyyətdədir. Alyona ilə bir neçə ildir birlikdəyik və heç nəyi dəyişməyi planlaşdırmıram. Onu çox sevirəm. O, bunu yaxşı bilir".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilova haqda danışarkən deyib. Müğənni "Света Вокруг Света" verilişinin Bakıdakı çəkilişinin qonağı olub. Şəxsi həyatından söz açan Emin ikinci evliliyindən bəhs edib:
"Çətin xasiyyətim var. İş cədvəlim isə hər zaman doludur. Ya tikinti işi ilə məşğulam, ya da harasa uçuram. Həmişə Alyonanın fikrini dinləyirəm, onunla məsləhətləşirəm, çünki onun baş verən hər şeyə öz baxışı var. Eyni zamanda mənə çox faydalı və düzgün məsləhətlər verir. Təbii ki, həyat tərzimi dəyişməyim üçün mübarizə aparır. Deyir ki, daha çox dincəl, vaxtında ye və yat, az siqaret çək və alkoqol qəbul etmə. Alyona qızımızı böyütməklə məşğuldur. Harasa gedib uçsalar, onlarla vaxt keçirməyə çalışıram. Xüsusilə də tətilə gedəndə hər zaman onlarla birlikdəyəm. Alyona yüksək üslub və zövqə malikdir. İşim çox olduğu üçün ona az diqqət yetirirəm. Yadıma düşür ki, ona bir qədər diqqət yetirməliyəm və bunu həmişə böyük məmnuniyyətlə edirəm. Ona sürprizlər etməyi sevirəm. Alyona həyatımın möcüzəsidir".
Ağalarov Alyona ilə necə tanış olmalarından danışıb:
"Alyona olmasaydı, həyatım başqa cür idi. Onunla karaokedə tanış olduq. Bu, mənim karaokeyə gedib çıxış etdiyim dövrə baş verib. O zaman tamaşaçım yox idi, karaokedə oxuyurdum. Alyona karaokeyə 15 dəqiqəlik gəlmişdi. Rəfiqəsi ilə gəldi, dayandı və getdi. Orada mahnı oxumadı. Sonra onunla görüşdüm, amma nömrəsini almadım. Daha sonra onunla yenidən görüşdüm. Ona yaxınlaşdım. Məni xatırladı. Onu o qədər bəyəndim ki, başımdan çıxara bilmədim və çıxarmağa da cəhd etmədim.
Əvvəl düşündüm ki, onun övladı, həyatı var, mənim də öz... Ancaq sonra illər keçdikcə başa düşdük ki, bəlkə də kifayət qədər ciddi bir şey əldə edə bilərik. Sonra toyumuz oldu, amma bir az sonra ayrıldıq. Pandemiya dövrünü ayrı yaşadıq. Sonra anladım ki, düzgün etmədim. İndi biz yenidən bir yerdəyik. Hər şeyin yoluna düşdüyünə şadam".
Emin bildirib ki, yenidən övladı olmasını istəyir:
"Amma Alyona buna qarşıdır".