Əməkdar artisti, müğənni Elza Seyidcahan Yazıçılar Birliyinin üzvü olub. Sənətçinin AYB-yə üzv olması sosial şəbəkələrdə sərt tənqid olunub.
Bununla bağlı Elza xanımla əlaqə yaratdıq. O, Ednews-a açıqlamasında bildirdi ki, öncəgörən, uzaqgörən insandır. O, bildirib ki, şeirlərinə görə onu tənqid edənlərə fikir bildirib.
“Bu yaxınlarda Azərbaycanda baş verən zəlzədən insanlar bərk qorxmuşdular. Mənim AYB-yə üzv olmağım onların qorxusunu tamam yadlarından çıxardı. Ona görə də boşuna deməyiblər, Allah dərd verəndə, dərmanını da verir. Biz insanlar üçün dərmanıq, nəyisə onlara unutdururuq. Öz zəhmətin bəhrəsini görəndə fəxr edirəm”.
E.Seyidcahan qeyd edib ki, ilk olaraq onu tənqid edən adamlara baxmaq lazımdır ki, onlar özləri, xalqı, vətəni üçün nə edib:
“Mənim üçün tənqiddən önəmli tənqid edən insan əsasdır. Tənqidi çox sevirəm. Bundan da nəticə çıxarırıam. İnsanları yaxşı mənada narahat etmişəmsə, bu mənim uğurlarımdan biridir. Fəxr edirəm ki, Azərbaycan Yazıçılar Birliyinin üzvlük vəsiqəsini daşıyıram. O ada da layiq olacağam. Səməd Vurğunun iş otağında Anar bəy özü şəxsən mənə zəng vuraraq çağırdı. Hörmətli Çingiz Abdullayev da vəsiqəmi təqdim etdi. AYB-də çox dəyərli ziyalılar var: Sayman Aruz, Rəşad Məcid, Xəyal Rza, Səlim Babullaoğlu, Əsəd Cahangir. Əsəd müəllim şeirlərimi tənqid edəndə acgözlüklə ona qulaq asmışam. Tənqidlər sonda gəlib bizi tərifə çatdırır. Dünya şöhrətli akademik, millət vəkili Nizami Cəfərov mənim şeirlərimə rəy verib. Bir çox ziyalı mənim mətnlərimə fikir bildirib. Digər tənqid edənlərin tənqidi sayılmır, onlar sadəcə narahatdır. Deyir, paxılı narahat eləmə, çünki o özü narahatdır. Sosial şəbəklərdə yazılanları oxumuram. Vaxtım yoxdur onları oxumağa.
Bu yaxınlarda yeni şeirlərimdən xəbərdar olacaqsınız, oxuyacaqsınız. Mən şeiri yazmıram, yazdırırlar. Məni yazdıranlara bir şeir gələcək. Şeirlərim daha məsuliyyətli, hissiyatlı, emosional, düşüncəli olacaq. Qələmimi itiləmişəm, gözləsinlər”.